Prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
 
Baş Prokurorluqdan RePost.Az-an verilən məlumata görə, cari il martın 14-də 1952-ci il təvəllüdlü Şirvan şəhər sakini Bəhruzə Rəsulovanın naməlum şəkildə ölməsi, hər hansı aidiyyatı təşkilatlara məlumat verilmədən meyitin dəfn edilməsi ilə bağlı Şirvan şəhər prokurorluğuna daxil olmuş müraciət əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri cinayət-prosessual hərəkətlər icra edilməklə yanaşı, meyitin qəbirdən çıxarılması (ekshumasiya) təmin edilməklə  məhkəmə-tibb ekspertinə təqdim edilib.
 
Meyitin məhkəmə-tibb müayinəsi zamanı bədənində ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid qalxanvari vəzi ətraflarında yumşaq toxumalarda geniş ölçüdə qansızma və dilaltı sümüyün sınığı xəsarətləri aşkar edilib. 
 
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.
 
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, 1968-ci il təvəllüdlü Alim Rəsulov martın 14-də, saat 07 radələrində yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bacısı Bəhruzəni əllə boğaz nahiyəsindən vuraraq öldürüb.
 
Məhkəmə-tibb ekspertizası zamanı Alim Rəsulovun sağ əlinin üst və sağ ön boyun nahiyələrində sıyrıq xəsarətlərinin olduğu müəyyən edilib.  
 
Alim Rəsulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baxış sayı: 4967 | Tarix: 16.03.2022
Bizi Telegramda izləyin: @repostaz