Türkiyə Ukrayna ilə bağlı əvvəldən konkret mövqe sərgiləyib.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşünün protokol hissəsində çıxışında bildirib.
“Bir çox sınaqlarla qarşı-qarşıya qaldığımız bir dönəmdə bu səfərimi həyata keçirirəm. Sınaq və çətinliklərin olduğu bir vaxtda dialoq və diplomatiya daha çox önəm kəsb edir. Buna görə də Antalyaya gəlib, üçtərəfli görüşdə iştirak etdiyinizə görə bir daha təşəkkür edirəm. Antalya Diplomatiya Forumuna verdiyiniz dəstək üçün ayrıca təşəkkür edirəm. Təbii ki, bu gün görüşdə, böhranı müzakirə edəcəyik. Ukrayna böhranının sülh yolu ilə nizamlanması mövzusunda çalışmalarımız və düşüncələrimizi gündəmə gətirəcəyik. Türkiyə Ukrayna ilə bağlı əvvəldən konkret bir mövqe sərgiləyib. Türkiyə balanslı, obyektiv və haqdan və hüquqdan tərəf olan mövqeyini açıq göstərib. Hər iki tərəflə münasibətləri yaxşı olan bir ölkə olaraq dürüst bir vasitəçi rolumuzu bütün çətinliklərə baxmayaraq, davam etdiririk. Montro müqaviləsini də hər zaman olduğu kimi yenə tam olaraq tətbiq edəcəyimizi açıqlamaq istəyirəm. Bununla bağlı dörd Rusiya gəmisinin boğazlardan keçməməsi ilə bağlı aldığınız qərarı məmnuniyyətlə qarşıladıq” - Türkiyə XİN başçısı vurğulayıb.
O, ikitərəfli münasibətlərdə Suriya və Liviya məsələlərinin uğurla həll edildiyini xatırladıb: “Bu günə qədər ikitərəfli münasibətlərlə yanaşı, bir çox mürəkkəb dosyelərdə, Suriya olsun, Liviya olsun, Rusiya ilə birgə çalışdıq. Bu çalışmalarımız çərçivəsində formalaşan etibar sayəsində bu gün bir masa ətrafındayıq. Bu etibara görə bir daha təşəkkür edirəm. İkitərəfli münasibətlərimizin əhatə dairəsi çox genişdir. Doqquzuncu Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının hazırlığı və ikitərəfli münasibətlərimiz bütün istiqamətlərinizi bu gün sizinlə birlikdə müzakirə etmək fürsəti əldə etdiyim üçün məmnunam”.