“Roskosmos”un baş direktoru Dmitri Roqozin Ağ Ev rəhbəri Co Baydenin Rusiya Prezidenti Vladimir Putinə qarşı ittihamlarına cavab olaraq 1999-cu il hadisələrini xatırladıb.
BAKU.WS xəbər verir ki, o, müvafiq postunu "Telegram" kanalında yerləşdirib.
Roqozin sosial şəbəkədə Co Baydenin arxiv videosunu paylaşıb. Videoda Bayden etiraf edir ki, 1999-cu ildə Belqradın bombalanması və Dunaydakı körpüləri dağıtmaq üçün ABŞ Hərbi Hava Qüvvələrinin pilotlarını göndərməyə çağırış edib.
“Bəlkə, Baydenə müharibə cinayətkarının kim olduğunu xatırlatmaq lazımdır? Qəbrin kənarında bu qanlı qoca öz vəhşiliklərini, qətlə yetirdiyi minlərlə dinc sakini xatırlamalıdır”, - deyə Dmitri Roqozin qeyd edib.
Məlumat üçün bildirək ki, martın 16-da Bayden "Fox News" müxbirinin sualını cavablandırarkən deyib ki, o, Putini “müharibə cinayətkarı” hesab edir.
Kremlin sözçüsü Dmitri Peskov da bildirib ki, Moskva bombaları yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının ritorikasını qəbuledilməz və bağışlanmaz hesab edir.