Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanın ünvanına dedikləri Moskvanın rəsmi mövqeyini əks etdirmir və qəbuledilməzdir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov artıq [Delyaqinin bəyanatlarını] tam şəkildə şərh edib, əlbəttə ki, biz bu qiymətləndirmə ilə razıyıq. Öz adımdan əlavə edə bilərəm ki, bu cür bəyanatları tamamilə qəbuledilməz və məsuliyyətsiz hesab edirik. Bu bəyanatlar heç bir halda ölkəmizin Bakı ilə müttəfiqlik əlaqələri və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına yönələn Rusiya rəhbərliyinin rəsmi mövqeyini əks etdirmir. Biz əminik ki, Dövlət Dumasının rəhbərliyi də bu cür təxribatçı bəyanatlara müvafiq qiymət verəcək”, - Rusiya XİN rəsmisi vurğulayıb.