“Aprelin 5-də İrəvanda müxalifətin mitinqi Brüssel görüşü ərəfəsində Paşinyan hakimiyyəti tərəfindən təşkil edilmiş tamaşadır”.
 
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
 
Z. Əsgərov deyib ki, bunda məqsəd ictimai rəyə əsaslanaraq danışıqlar zamanı özünü mümkün ssenarilərdən sığortalamaqdır: “Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün təkliflərini təqdim edib. Digər tərəfdən, Birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş hesab olunan 3890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməli və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməlidir. Keçən il dekabrın 14-də Brüsseldə keçirilən ilk görüşdə də Azərbaycan Prezidenti itkinlər və kütləvi məzarlıqlar barədə məsələni qaldırmış və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də bu təşəbbüsə dəstəyini ifadə etmişdi. Ancaq belə görünür ki, Paşinyan hakimiyyəti də Ermənistanın bundan öncəki rəhbərliklərinin dövründə istifadə edilən metoddan istifadə edir. Başqa sözlə, Ermənistanda bütün rəhbərliklər dövründə danışıqlar prosesini durdurmaq və zaman udmaq üçün bu kimi metodlardan geniş istifadə olunub. Lakin Paşinyan da, onun Qərbdəki havadarları da çox yaxşı bilirlər ki, artıq Qarabağ problemi həll olunub, geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin heç bir səmərəsi olmayacaq. Gec-tez sülh müqaviləsi, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində iş başlamalıdır. Bu, nə qədər tez olsa, Ermənistan üçün bir o qədər yaxşıdır”.
 
Parlamentin komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevlə bütün görüşlərdə olduğu kimi, Ermənistan Baş naziri Nikol Paşinyan ötən il dekabrın 14-də Brüssel görüşü zamanı da zərbə alıb: “Buna görə də Paşinyan bugünkü görüşə xüsusi ümid bəsləməməli və bilməlidir ki, müqavimət cəhdləri növbəti yeni zərbə ilə nəticələnəcək”.

Baxış sayı: 4017 | Tarix: 06.04.2022
Bizi Telegramda izləyin: @repostaz