“Müsavat Partiyasının üzvü Əziz Məmiyev xeyli müddətdir polis orqanlarına etdiyi müraciətlərə qəsdən baxılmamasını, eyni zamanda təqib və təzyiqlərə məruz qaldığını deyir. Vətəndaş Əziz Məmiyev iddialarında qeyri-səmimidir”.
 
Bunu RePost.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
 
E. Zahidov deyib ki, Əziz Məmiyevin 3 müraciəti olub, hər müraciəti də vaxtında araşdırılıb və nəticəsi barədə özünə məlumat verilməsi də təmin olunub: “Belə ki, Əziz Məmiyev müraciət edərək tələb edir ki, pandemiya şəraitində tibbi maskadan istifadə etmədiyinə görə yazılan cərimə protokolu ləğv edilsin. Bu məsələ araşdırılıb və protokolun qanunauyğun, əsaslı olması təsdiqini tapıb. Növbəti müraciətində iddia edir ki, guya DİN onun bank kartından pulunu çıxarıb. Əziz Məmiyevə izah edilib ki, iddian əsassızdır, çünki DİN-in kiminsə bank kartından pul çıxarması texniki baxımdan mümkün deyil.
 
Üçüncü müraciətində isə bildirib ki, tanımadığı şəxslər ona ABŞ-dən zəng edərək təhqir edirlər. Bu məsələ ilə bağlı onu DİN-in baş idarələrindən birinin rəisi qəbul edib, dinləyib və izah edib ki, onu təhqir edən ABŞ-dakı şəxslərin müəyyən edilməsi, məsuliyyətə cəlb olunmaları texniki və məkan baxımından imkan xaricindədir.
 
Yəni, hər qəbulda qaldırdığı məsələ diqqətlə dinlənilib, araşdırılıb və ona ətraflı izahlar verilib.
 
Vətəndaş Əziz Məmiyev bu araşdırmaların nəticəsi ilə, verilən izahlarla razılaşsa da, lakin sonradan həmin məsələləri qabardaraq guya onun şikayətinə baxılmamasını iddia edir”.
 
DİN rəsmisi qeyd edib ki, dünən Əziz Məmiyev yenidən Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub, bir daha ərizəsi alınıb və təkrar araşdırmalara başlanılıb: “Yenə də nəticəsi barədə ona məlumat veriləcək”.

Baxış sayı: 4644 | Tarix: 06.04.2022
Bizi Telegramda izləyin: @repostaz