Putin-Paşinyan görüşünün mətbuata açıqlanan detallarından, verilən yekun bəyanatdan aydın olur ki, Rusiya prezidenti Ukrayna hadisələrindən həvəslənmiş Ermənistanın Qərbyönümlü baş nazirinə öz iradəsini növbəti dəfə qəbul etdirə və bundan sonrakı mərhələdə də onun Kremlin cızdığı trayektoriya ilə hərəkətə məcbur qaldığını yaxşıca anlada bilib.
 
Bu, ilk növbədə, Paşinyanın Rusiya əleyhinə Qərbin tətbiq etdiyi sanksiyaları qınayan və bu sanksiyalardan yayınmaq üçün də Rusiya ilə birgə hərəkət edəcəyinin ifadə olunduğu yekun bəyanatda öz əksini tapıb. 
 
Baxın, yekun bəyanatda deyilir: “Vladimir Putin və Nikol Paşinyan bir sıra ölkələrin birtərəfli məhdudlaşdırıcı tədbirlər tətbiq etməsindən narahat olduqlarını ifadə ediblər. Onlar iki ölkənin ərzaq və enerji təhlükəsizliyi, logistika və digər sahələrdə sanksiyaların səbəb olduğu çətinliklərin öhdəsindən birlikdə gəlmək niyyətlərini bildiriblər”. 
 
Halbuki bir neçə gün əvvəl ABŞ-ın Ermənistandakı səfiri xanım Linn Treysi erməni bankirlərlə keçirdikləri görüşdən danışaraq, onları Rusiyaya kömək göstərməkdən çəkinməyə çağırmış və ABŞ-ın Paşinyan hökumətinin sanksiyalara sadiqliyini çox yüksək qiymətləndirdiklərini bəyan etmişdi. Hətta Paşinyanın bəzi erməniqanlı azərbaycanlı pərəstişkarları da bəh-bəhlə ABŞ səfirinin bu bəyanatını tirajlayraq, Azərbaycan hakimiyyətini sərt tənqidə və təhdidə başlamışdılar ki, niyə Ermənistan kimi davranmır, Rusiya əleyhinə sanksiyalara qoşulmur...
 
İndisə məlum olur ki, Qərbpərəst Paşinyan Kremlə çatan kimi, fikrini dəyişib: o, nəinki Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların yaratdığı çətinliklərdən narahatdır, hətta bundan sonra bu çətinliklərə qarşı Rusiya ilə birgə hərəkət etmək niyyətindədir!
 
...Putin-Paşinyan görüşünün bizim üçün ən əhəmiyyətli detallarından biri isə, şübhəsiz ki, 44 günlük Qarabağ savaşından dərhal sonra Türkiyə prezidenti Ərdoğanın təklif etdiyi və Azərbaycan prezidenti Əliyevin də dəstəklədiyi “3+3 formatı”nın həm Rusiya, həm də Ermənistan tərəfindən artıq əsas Regional Əməkdaşlıq Platforması kimi qəbul edildiyinin dilə gətirilməsi, dolayısı ilə, bundan sonrakı mərhələdə regiondakı problemlərin məhz bu müstəvidə çözüləcəyinin anons edilməsidir. Yekun bəyanatda bu haqda deyilir: “Tərəflər bütün region ölkələri arasında dialoqu və çoxplanlı əməkdaşlığı inkişaf etdirmək üçün əlavə imkanlar yaradan "3+3" Regional Əməkdaşlıq Platformasının uğurla fəaliyyətə başlamasını qeyd ediblər”.
 
Bu, o deməkdir ki, Ermənistan hakimiyyətinin süni şəkildə 10 noyabr, 11 yanvar və 26 noyabr razılaşmalarının icrasını uzatmaq cəhdləri bundan sonra həm də bütövlükdə regional əməkdaşlığın qarşısını kəsən əsas maneə kimi görüləcək və daha ona dözümlü yanaşılmayacaq; eyni zamanda, 6 apreldəki Brüssel görüşüylə Avropa İttifaqını da aktiv şəkildə prosesə qoşmaqla, region ölkələri arasında nəqliyyat-kommunikasiya xətlərinin işə düşməsinin və tərəflər arasında qalıcı sülh sazişinin imzalanması prosesinin tezləşdirilməsi təmin ediləcək.
 
Qısası, bu görüşdən çıxan yekun nəticə odur ki, Rusiya hələ də Qərbin Cənubi Qafqaza girişinin önünü kəsməyə müvəffəq olur və onun “hamı üçün gərəkli körpü” statusunu qəbul etməklə yanaşı, məhz region ölkələrinin - Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistanın fəal əməkdaşlıq meydançasına çevrilməsində maraqlıdır. 
 
Belə də olmalıdır: region ölkələri öz evlərinin problemlərini özləri həll etməyi bacarmalı, "yad əllər"in bu evlərdə hökmranlığına imkan verməməlidirlər!

Baxış sayı: 4853 | Tarix: 20.04.2022
Bizi Telegramda izləyin: @repostaz