Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasına kömək edir. Rusiya tərəflər arasında etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq əzmindədir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA Novosti-yə müsahibəsində bildirib.
"Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasına kömək edirik. Rusiya tərəfi ümumi dil tapmaq, etimad və qarşılıqlı anlaşma mühiti yaratmaq üçün Bakıya və İrəvana hər cür kömək etməkdə davam etməkdə qərarlıdır. Eyni zamanda, biz üçüncü ölkələrin üçtərəfli səylərimizi tamamlaya biləcək və məntiqi geosiyasi oyunlara əsaslanmayan təşəbbüslərini alqışlayırıq”, - deyə rusiyalı diplomat vurğulayıb.
O qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların icrası çərçivəsində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması da daxil olmaqla, bütöv bir sıra vəzifələr həll olunur: "Xüsusən, sərhədin delimitasiyası üzrə ikitərəfli Komissiyaya məsləhətçi yardım göstərməyə, lazımi kartoqrafik materialları təqdim etməyə hazırıq. Biz Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi Üçtərəfli İşçi Qrup çərçivəsində nəqliyyat infrastrukturunun bərpası və inkişafı ilə bağlı konkret layihələr üzrə ən qısa zamanda razılaşmaya doğru gedirik”.