Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur.
 
RePost.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
 
Dövlət başçısı diqqətə çatdırıb ki, Rusiya İkinci Qarabağ müharibəsinə son qoyulmasında aktiv şəkildə iştirak edən ölkədir.
 
Prezident xatırladıb ki, Rusiyanın sülhməramlıları Azərbaycan ərazilərində müvəqqəti yerləşib: “Üstəlik, Rusiya ilə illərdir çalışdığımız iqtisadi, enerji, nəqliyyat, mədəni, humanitar sahələr üzrə genişmiqyaslı məsələlər var. Əlbəttə, biz Rusiyadan hərbi vasitələr alırıq, əlbəttə, doğrudur biz onları ödənişsiz əldə edən Ermənistandan fərqli olaraq, bazar dəyərinə alırıq. Ermənistan "kreditlər" hesabına alırdı, amma bu kreditlər heç vaxt qaytarılmayıb. Fərq budur. Amma eyni zamanda, düşünürəm ki, bu regional oyunçulara bir növ mesajdır ki, burada sülh olmalıdır. Türkiyə və Rusiya – hər ikisi müharibədən sonra regiondakı yeni konfiqurasiyada iştirak etdilər. Bilirsiniz ki, vəziyyəti müşahidə etmək üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir. Düşünürəm ki, tarixdə ilk dəfədir ki, belə bir tənzimləmə mümkündür. Eyni zamanda, Türkiyə-Rusiya əlaqələri – biz indi görürük ki, Prezident Ərdoğan Ukraynada atəşkəs üçün vasitəçilik edir. Beləliklə, bütün bunlar regional təhlükəsizliyə və sabitliyə xidmət edir və eyni zamanda, bizim əməkdaşlığımızın müstəqil xarakterini nümayiş etdirir”.

Baxış sayı: 6544 | Tarix: 29.04.2022
Bizi Telegramda izləyin: @repostaz