Bu gün Vətən müharibəsinin ilk və yeganə xanım şəhidi Arəstə Baxışovanın ad günüdür.
 
Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Ailədə üç uşaq - iki qardaş və bir bacı olublar.
 
Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışmış və "Çernobil qəzası"nda xilasetmə işlərində ağır yaralanaraq, sağlamlığını itirmişdi. Arəstənin dörd yaşı olanda isə atası vəfat edib.
 
2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində İngilis dili üzrə təhsil alan Arəstə, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.
 
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Vətən müharibəsinə könüllü qatılan Arəstə oktyabrın 23-də döyüş bölgəsindən yaralıları çıxararkən şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub. Onun 11 yaşlı Mərdan adlı oğlu, 10 yaşlı Zəhra adlı qızı yadigar qalıb.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Baxış sayı: 4682 | Tarix: 04.05.2022
Bizi Telegramda izləyin: @repostaz