"Ümumən jurnalist həbsinə təəssüflənirəm. Fərqi yoxdur nəyə görə həbs olunub. Hesab edirəm ki, azadlıqdan məhrum etmək cəzası bu və ya digər şəkildə jurnalist peşəsinə aidiyyatı olan şəxslər üçün ağır cəzadır".
 
RePost.Az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov blogger Mehman Hüseynobun həbsinə münasibət bildirərkən deyib. Amaşov qeyd edib ki, prinsipcə jurnalistlər həm təbiət etibarilə daha çox azaddırlar, həm də cəmiyyətə azad yaşamağı aşılayacaq qədər nümunəvidirlər. Ancaq hiss etdiyim ağırlıq hüquqi dövlətin prinsiplərinə xələl gətirmək qədər ağır ola bilməz. Nəhayət, jurnalistlər də vətəndaşdırlar və bütün vətəndaşlar kimi qanun qarşısında məsuliyyət daşımalıdırlar. Mehman Hüseynov həmçinin.
 
"Mehman Hüseynovun hazırladıqları materiallar tənqidi ruhlu idi. Belə bir adam barədə azadlıqdan məhrumetmə hökmünün çıxarılması istər-istəməz başqa söz-söhbətlərə yol aça bilər və açdı da. Bir sıra beynəlxalq təşkilatlar hadisəni söz və ifadə azadlıqlarının pozulması kontekstində dəyərləndirdilər. Ancaq bu belə deyil. Çünki Mehmandan da kəskin yaradıcılıq üslubu olan jurnalistlər var ki, onlara kimsə nəsə demir. Digər tərəfdən, həmin jurnalistlərin gerçək jurnalistikaya daha çox aidiyyatı var, nəinki Mehmanın. Bunu hər kəs çox gözəl anlayır. Sadəcə bəzilərinin anlamaq istəmədiyi məqamlar var. Bu da siyasi baxışlarla əlaqədardır. Mehman Hüseynovla bağlı məhkəmə qərarına reaksiyalar da əsasən siyasi ritorika məhsulu kimi görünür. Eynilə ona qarşı çıxanlar, onu jurnalist kimi qəbul etməyənlər də var. Elə təəssürat yaranır ki, jurnalistin durumuna reaksiyalar, elə əks-reaksiyalar da əvvəldən hazırlanıbmış.
 
Yenə də deyirəm, jurnalist həbsi ümumən yaxşı hal deyil. Sadəcə məsələdən siyasi divident götürmək cəhdi də yolverilməzdir. Ortada daha çox bu cəhdi görürəm və təəssüflənirəm. Hər bir halda məsələ Mətbuat Şurasının diqqətindədir", - Əflatun Amaşov əlavə edib.
 
RePost.Az

Baxış sayı: 3485 | Tarix: 07.03.2017
Bizi Telegramda izləyin: @repostaz