Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov yaxın vaxtlarda Ermənistan tərəfinə təhvil veriləcək.
 
Bu barədə Caliber.Az saytının yaydığı məlumatda qeyd olunur.
 
Xatırladaq ki, Eduard Martirosov bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.
 
Erməni əsgərinin təhvil verilməsi Azərbaycanın azad edilmiş ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Ağdamda baş tutacaq.
 
Azərbaycan tərəfinin apardığı araşdırma nəticəsində müəyyən edib ki, Eduard Martirosov diversant olmayıb, Azərbaycan dövlətinə qarşı cinayətlərdə iştirak etməyib və azaraq Azərbaycan sərhədini keçib.
 
“Çox güman ki, erməni əsgərin Ermənistan tərəfinə qaytarılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda Brüsseldə baş tutan görüşün nəticəsi olaraq baş verib”, - mənbə yazır.

Baxış sayı: 5727 | Tarix: 25.05.2022
Bizi Telegramda izləyin: @repostaz