Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının ildönümüdür.
 
Azərbaycan Silahlı Qüvvələrinin hər iki hərbçisi 2020-ci ilin iyulun 12-17-də baş verən Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olublar.
 
İyulun 14-də səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən daha 5 hərbi qulluqçu şəhid olub. Ermənistanın hücumları nəticəsində rayonun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirilib.
 
Qeyd edək ki, Polad İsrayıl oğlu Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. O, 1976-cı ilin iyul ayında 6 aylıq olanda Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb və burada yaşamağa başlayıblar. P.Həşimov Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi olub. O, Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.
 
Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən biri Polad Həşimovun adını daşıyır. Bundan əlavə, Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.
 
İlqar Anzor oğlu Mirzəyev 1973-cü ilin mayın 8-də Gürcüstanın Qardabani rayonunda anadan olub. O,Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində çalışıb.
 
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
 
Polad Həşimov və İlqar Mirzəyev iyulun 15-də II Fəxri Xiyabanda yanaşı dəfn olunub.

Baxış sayı: 5993 | Tarix: 14.07.2022
Bizi Telegramda izləyin: @repostaz