Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılır.
 
İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib.
 
Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
 
Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür.
 
İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.
 
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb.
 
Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Köçürülən ailələrə peşələrinə uyğun iş yerləri təklif olunub.
 
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
 
Qısa müddət əvvəl TƏBİB tərəfindən Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb.
 
Qeyd edək ki, bu il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
 
Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək.
 
Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.
 
Kənddə Ailə sağlamlıq mərkəzi, uşaq bağçası, həmçinin kənd tam orta məktəbi də sakinlərin istifadəsində olacaq.

Baxış sayı: 5195 | Tarix: 19.07.2022
Bizi Telegramda izləyin: @repostaz