Ötən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə mühəndis-texniki və tikinti işlərinə başlayıb.
 
Ermənistanın kapitulyasiyası ilə bağlı Moskva sazişinə zidd olan bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri xəbərdarlıq atəşi açıb, bütün zəruri qabaqlayıcı tədbirlər görülüb, o cümlədən Rusiya sülhməramlıları kontingentinin komandanlığı məlumatlandırılıb.
 
Bir saat sonra hadisə yerinə sülhməramlıların şəxsi heyət qrupu gəlib. Lakin Rusiya sülhməramlıları Ermənistan Silahlı Qüvvələrinin qanunsuz fəaliyyətini, həmçinin aparılan işləri dayandırmaq əvəzinə, erməni quldur dəstələrinin təhlükəsizliyini təmin ediblər və gecə saatlarında işin davam etdirilməsinə şərait yaradıblar.
 
Xatırladaq ki, Prezident İlham Əliyev ötən müşavirədə Rusiyanın Ermənistan ordusunun bölmələrini beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisindən çıxarmaq öhdəliyini üzərinə götürdüyünü, lakin sonradan üzərinə düşən öhdəliyi pozduğunu bildirmişdi. Görünür, Rusiya sülhməramlı kontingenti nəinki yaranmış problemin həlli üçün səy göstərmir, əksinə, öz hərəkətləri ilə yaranmış gərginliyi daha da gücləndirir.
 
Rusiya sülhməramlılarının komandanlığına belə bir sual ünvanlayırıq: Nə baş verir və Rusiya hərbçilərinin hərəkətləri necə başa düşülməlidir?//Haqqin.az


Baxış sayı: 4682 | Tarix: 20.07.2022
Bizi Telegramda izləyin: @repostaz