Laçın şəhərinin azad edilməsi ilə “Laçın dəhlizi” də qüvvədən düşür: hələ I Qarabağ müharibəsinin getdiyi vaxt qurulan danışıqlar masasında ermənilərin istəyi ilə gündəmə gələn bu məsələ “Madrid prinsipləri” də daxil olmaqla müxtəlif həll planlarına salınıb; dəhlizin marşrutunun dəyişməsi “Laçın dəhlizi”nin gündəmdən çıxması ilə yanaşı, Bakının manevr imkanlarını da artırır;
10 noyabr razılaşmasında “Laçın dəhlizi”ndən bəhs olunur, yeni yol isə Laçının kənarından keçir. Bakı 10 noyabr razılaşmasına istinadən “dəhliz” detalının yeni yola aid olmadığı məntiqini irəli sürə bilər. Razılaşmanın 6-cı bəndində qeyd olunur ki, “Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.
Azərbaycan Laçın dəhlizi üzrə təhlükəsizliyə zəmanət verir, yeni marşrut üzrə belə bir qeyd yoxdur, yalnız sülhməramlılarının yerdəyişməsi ifadəsi var. Bakı razılaşmanın bu bəndini istədiyi kimi şərh edə bilər:
Birincisi, “Laçın dəhlizi”nin qüvvədən düşdüyü, yeni marşruta münasibətdə “dəhliz” ifadəsinin qeyd olunmadığı əsası ilə bu yolda postlarımızın qurulması gündəmə gətirilə bilər;
İkincisi, erməni avtomobillər sülhməramlıların postlarında yoxlanılmaqla yanaşı, yenə onların müşaiyəti ilə bizim postlarda yoxlanılaraq keçə bilər; təhlükəsizliyin təmin edilməsi baxımından ən azı bir yerdə Azərbaycan postunun qurulması lazımdır;
Yaxud Bakı yeni yola “dəhliz statusu”nu vermək qarşılığında digər tələblərinin – Zəngəzur dəhlizinin açılması, erməni qoşunların tamamilə çıxarılması, separatçıların tərki-silah edilməsi və s. – yerinə yetirilməsini gündəmə gətirə bilər. 10 noyabr razılaşmasını istədiyimiz şəkildə şərh edə bilmək imkanının olması buna şərait yaradır.
Adətən Ermənistan tərəfi 10 noyabr razılaşmasına münasibətdə hər ifadə üzərindən oyun qurur, xüsusilə 4-cü bəndin icrası məsələsi aktuallaşanda. Bu dəfə belə bir imkan bizdədir.