Hərbi xidmətdə olduğu vaxt, xidmətdən yayınaraq Bakıda avtoxuliqanlıq edən iş adamının oğlu ilə bağlı istintaq tamamlanıb.
 
RePost.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Respublika Hərbi Prokurorluğunda aparılan istintaq materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib. Yaxın günlərdə hazırlıq iclasının keçirilməsi və işin baxışa verilməsi nəzərdə tutulub.
 
M.Əzizov Cinayət Məcəlləsinin 333.2-ci (hərbi qulluqçunun xidmət yerini özbaşına tərk etməsi), 335.2-ci (hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma) və digər maddələri ilə mühakimə olunacaq.
 
Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Məlikov Əziz Soltanpaşa oğlunun Bakıda avtoşluq etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, əsgərdir və həmin vaxt hərbi xidmətdədir. Onun xidmət vaxtı hərbi hissədə deyil, şəhərin mərkəzində avtoşluq etməsi ciddi müzakirələrə səbəb olmuşdu.
 
Əziz Məlikovun atası Soltanpaşa Əzizov tanınmış iş adamıdır. O, Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. Ə.Məlikov özü isə “TikTok” sosial şəbəkəsindəki əyləncəli videoları ilə məşhurdur.
 
Qeyd edək ki, Ə.Məlikov hadisədən sonra saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra o, həbsdən buraxılaraq komandanlığın müşahidəsi altına verilmişdi. Lakin həmin müddətdə qaçıb gizləndiyinə görə barəsində yenidən həbs qərarı verilmişdi.


Baxış sayı: 6639 | Tarix: 03.09.2022
Bizi Telegramda izləyin: @repostaz