Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.
Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər vardır.
Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi.
Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır.
Ermənistan bu kimi əməlləri ilə həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür.
Bir daha bəyan edirik ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Yaranmış vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
***
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı
Ermənistan tərəfindən guya Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu, Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır.
Ermənistanın təxribatlarına cavab olaraq əks tədbirlər lokal xarakter daşıyaraq atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlmişdir. Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.
Mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. 30 illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı.
***
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı
Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir.
Regionda yeganə təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir.
Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır.
Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır.
Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır.