“Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətlə əlaqədar olaraq, Qazaxıstandan Ermənistana sülhməramlıların göndərilməsi məsələsi gündəmdə deyil”.
BAKU.WS xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycanla Ermənistan arasında delimitasiya olmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir. Ona görə də indi birinci vəzifə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir. Qazaxıstan öz təcrübəsini bölüşməyə hazırdır. Biz Rusiya istisna olmaqla bütün qonşu dövlətlərlə sərhədlərimizi müəyyənləşdirmişik. Rusiya ilə bu istiqamətdə razılaşma 2-3 il davam edə bilər”, - deyə nazir bildirib.
Xatırladaq ki, KTMT-nin yaydığı məlumata görə, Baş katibi Stanislav Zasın başçılığı ilə təşkilatın missiyasının Ermənistana göndərilməsi barədə razılıq əldə olunub. Qeyd olunub ki, mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyəti, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.