Rusiyalı jurnalist, ictimai-siyasi xadim, hüquq müdafiəçisi, publisist Maksim Şevçenko özünün Teleqram kanalında Azərbaycan və Ermənistan vətəndaşlarına müraciət edib.
 
RePost.Az moderator.az-a istinadla müraciətin mətnini təqdim edir:
 
"Bu, Maskim Şevçenkodur!
 
Çoxları məndən Ermənistan - Azərbaycan sərhəddində baş verən hadisələri şərh etməyi xahiş edir. Burada nəyi şərh edəsən ki!
 
Bu, Cənubi Qafqazda Türkiyənin arxasında, Rusiyanın arxasında müharibəni həyasızcasına alovlandırmaq cəhdidir.
 
Bu, regionda idarə edilən xaos yaratmaq, köhnə sınanmış alətlərdən istifadə edərək, oraya soxulmaq cəhdidir.
 
Bu alətlər zəngin erməni milyarderləri və zəngin erməni diasporudur. Çünki 2020-ci ildən sonra yaranan, bir çox erməni tərəfindən faciə kimi qəbul edilsə də, hər halda əsası qoyulan indiki sülh prosesinin pozulması üçün heç bir başqa motiv yoxdur.
 
Bunun nəticəsində iki dövlət, keçmiş sovet respublikaları olan Ermənistan və Azərbaycan öz aralarında saziş imzalaya, sərhədləri müəyyən edə, qarşılıqlı faydalı olan nəqliyyat dəhlizləri yarada bilər. Azərbaycandan Ermənistana, Ermənistandan Türkiyəyə ticarət axınları olsa, bu, ona gətirib çıxaracaq ki, Ermənistanın iqtisadiyyatı müstəqil inkişaf edəcək, zəngin erməni diasporunun sədəqələrindən asılı olmayacaq.
 
Fransada, yaxud Kaliforniyada onlar, əlbəttə, "artsax" uğrunda, "böyük Ermənistan" uğrunda ermənilərə, amma yalnız keçmiş sovet Ermənistanının ərazisində yaşayan ermənilərə son qanına qədər döyüşməyə çağırış edir.
 
Mən çoxdan hiss edirəm ki, məhz Ermənistanda yaşayan sağlam düşüncəli ermənilər sülh istəyir və bu sonsuz müharibənin bitməsini arzulayır.
 
Fransada və Kaliforniyada yaşayan ermənilər isə - təbii ki, mən hamısını nəzərədə tutmuram - hamıdan ucadan "erməni işi" uğrunda, "böyük Ermənistan" üçün çağırış edir.
 
Moskvanın özündə də elə hərəkətlərə çağırış edirlər ki, onlar ermənilərin xeyrinə yox, Ruben Vardaryan kimi varlı ermənilərin xeyrinə olardı. O, gəlib "atsaxı" (ermənilər Qarabağı belə adlandırır) "erməni sivilizasiyasının beşiyi" adlandırır. ABŞ-a və Avropa İttifaqına müraciət edərək, "artsax" ermənilərini müdafiə etməyə, problemi nizama salmağa çağırış edir.
 
Məgər Azərbaycan Prezidenti Azərbaycan vətəndaşı olan ermənilərin və bütün millətlərin mədəni inkişafına, təhlükəsizliyinə zəmanət verəcəyini bəyan etməyibmi?
 
Yox, mütləq oraya ABŞ və Fransanı cəlb etmək lazımdır. ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Filipp Riker son bir neçə gün ərzində İrəvanda, Tiflisdə və mən bu müraciəti yaydığım zaman Bakıdadır.
 
O, İrəvanda əyləşib, ərinməyib, üç gün gözləyib ki, Paşinyan Uzaq Şərqdə Putinlə görüşə uçub geriyə dönsün, sonra da onunla görüşərək, necə lazımdır onu təlimatlandırıb və irəliyə getməyə sövq edib.
 
Zavallı Paşinyan isə nə edəcəyini bilmir. O, təzyiq altındadır. Sol tərəfdən milyardçılar, ABŞ-dan, Kaliforniyadan diaspor nümayəndələri, "vacib adamlar" zəng edib deyirlər ki, bax, belə etmək lazımdır, Rusiya ilə münasibətləri kəsmək lazımdır və hər şey yaxşı olacaq.
 
Amerikalılar deyir ki, Rusiya ilə münasibətlərə son qoyun. Görürsünüzmü, KTMT öz borcunu yerinə yetirmir, erməniləri müdafiə etmir.
 
Aydınıdr ki, Ermənistan ərazisində yaşayan ermənilərin taleyi onların heç veclərinə də deyil. Onların həyatı ilə alver edirlər, taleyi ilə alver edirlər, onların qanını qəpik-quruşa satırlar. Hər kəsin başında öz fantaziyaları var.
 
Əslində isə bu oliqarxlar, bu diapor bir alətdir, ABŞ və Fransanın imperialist maraqlarına xidmət edir. Fransa artıq Yunanıstana Türkiyə ilə mümkün münaqişədə öz dəstəyini bildirib. Xatırladıram ki, Türkiyə artıq Suriyada, İraqda döyüş əməliyyatları aprır. Artıq Türkiyə-Yunanıstan münaqişəsinin anonsu verilib. Fransızlar deyib ki, Yunanıstana dəstək verəcəklər. Amerikalılar Yunanıstanı öz silahları ilə təchiz edir. Çünki Türkiyənin müharibəyə cəlb olunmasını istəyir ki, Rusiya-Türkiyə alyansı dağılsın, hər halda problemlər yaransın.
 
Əgər Ermənistan-Azərbaycan dialoqu, qarşıdurmasında, - necə istəyirsiniz, adlandırın, - növbəti qanlı olay meydana çıxarsa, Qərb üçün çox gözəl olacaq. Türkiyənin də problemləri var, Rusiyanın da problemləri var. Bu məqamda da onlar "sülhməramlı qanadlar"ında uçub gəlib deyəcəklər ki, bizsiz heç bir məsələ həl olunmur. Vaşinqtonsuz, Parissiz heç nə həl olunmur.
 
Siz Normandiya formatında, Minsk formatında çoxmu məsələ həll etmisiz? Biz sizin hərəkətlərinizin nəyə gətirib çıxardığını görürük. Ukrayna qan içindədir, ruslar və ukraynalılar bir-birini qətlə yetirir.
 
Qərb istənilən yerdə hər hansı dinc nizamlanmaya qol qoyursa, bu münaqişələr onilliklərlə davam edir, oraya çoxlu pullar ayrılır, o pullar oğurlanır və dağıdılır. Müxtəlif sülhməramlı təşəbbüslər irəli sürülür. Beləliklə, idarə olunan xaos yaranır. Və nəticədə Cənubi Qafqaz kimi mühüm regiona müdaxilə etmək imkanı yaranır.
 
Buradan Orta Asiyadan mühüm Kiçik Asiyaya, Avropaya nəqliyyat, iqtisadi, energetik arteriyalar keçir. Əlbəttə, burada Fransasız necə keçinmək olar? Bəyəm Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan, Gürcüstan öz aralarında razılaşa bilməzmi? Zənnimcə, əlbəttə, razılaşa bilər, hətta bunu etməyə borcludurlar. Amma buna imkan verməyən qüvvə var.
 
Rusiyanın özündə də erməni diaporu ilə alver edənlər, milyarderlər var. Onlar versiya yayırlar ki Rusiya Paşinyanı sevmir, Qarabağ klanını hakimiyyətə gətirmək istəyir, bir sözlə, alovun üstünə benzin tökürlər.
 
Paşinyan hazırda hamını qane edir. Sülh sazişini imzalayanlar sülh prosesini qarantıdırlar. Bunlar tamamilə yalan bəyanatlardır. Əslində isə Moskva ilə Ankara hər hansı bir zorakılığın əleyhinədir.
 
Paşinyan aradan götürülsə, Ermənistanda mülki münaqişə baş verəcək, mülki qarşıdurma olacaq. ABŞ və Fransanın qarşıya qoyduqları məsələ həll ediləcək, orada növbəti müharibə baş verəcək, necə deyərlər, "sülhməramlı missiya" ilə məşğul olmaq mümkün olacaq. Erməni və Azərbaycan xalqları və başqa xalqların həyatı bahasına problemləri həll etmək mümkün olacaq.
 
Bu gün bu, Ermənistandır, sabah Ermənistanla Azərbaycan arasında münaqişəni qızışdırmaq olar, birisi gün Gürcistanda vətəndaş müharibəsi törədəcəklər. Onlar bizim nəyimizə lazımdır?
 
Mən bütün ermənilərə müraciət edirəm. Sizin həyatınızla alver edənləri rədd edin! Mən düşünürəm ki, Ermənistan ərazisində, keçmiş sovet Ermənistanında yaşayan ermənilər öz taleyini həll edə biləcək yeganə insanlardır. Bütün dünyada dolaşan erməni pulları, Vaşinqton, Paris və Moskva arasında uçuşlar edən yaramazlar sizin taleyinizi həll etməyəcək.
 
Siz özünüz azərbaycanlarla, türklərlə razılığa gəlib sərbəst ticarətlə məşğul olarsınız, sərhədləri açarsınız, normal insani münasibətlər yaradarsınız.
 
İmperializm olan yerdə müharibə, qan, zorakılıq var. Dünya xalqları özləri bu milyarderlər olmadan, imperialistlər olmadan, öz taleyini həll etməlidir. İri kapital olan hər yerdə müharibə və zorakılıq var.
 
Ona görə də ermənilər və azərbaycanlılar, ey xoşməramlı insanlar, sizə müraciət edirəm: bu təxribatlara uymayın! Bütün dünyada xaosa ehtiyacı olan qlobal oyunçuların əlində alətə və oyuncağa çevrilməyin! Dinc prosesə doğru gedin, bir-birinizi öldürməyin!"


Baxış sayı: 5328 | Tarix: 14.09.2022
Bizi Telegramda izləyin: @repostaz