Bu gün - 27 sentyabr müasir tariximizin şərəfli günüdür. Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, müzəffər ordumuz işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.
Vətən müharibəsi əsirlər boyu tariximizdən silinməyəcək, gələcək nəsillərin qürur mənbəyi olacaq.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən 44 gün ərzində bir neçə dəfə təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib. Lakin bütün bunlara baxmyaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
Azərbaycan prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilib.
Azərbaycan xalqı şəhidlərini hər zaman hörmətlə anır, müharibə iştirakçıları və qazilərimizə Allahdan şəfa diləyirik.