"İsrailin müdafiə naziri Benyamin Qansın Azərbaycana səfərinin məqsədi ölkələrarası və beynəlxalq əməkdaşlıqdır. Bu səfərə hansısa don geyindirməyə çalışmaq sadəcə, istehza doğurur".
 
Bunu Report-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
 
O, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova zəngindən də bəhs edib.
 
Bunun dövlətlərarası olan normal bir praktika olduğunu diqqətə çatdıran komitə sədri bildirib ki, dövlət başçıları, nazirlər və ümumiyyətlə rəsmi şəxslər arasında mütəmadi danışıqlar olur: "Bunu qeyri-adi bir hadisə kimi qəbul etmək lazım deyil. Lakin İran mətbuatının Məhəmməd Hüseyn Baqerinin Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəngini özlərinə sərf edən şəkildə təqdim etməsi təəssüf doğuran bir məsələdir. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət həyata keçirir. Dövlət olaraq heç kimə hesabat vermirik. Hansı dövlətlə nələri müzakirə etməsi isə Azərbaycanın daxili işidir".
 
Son bir neçə gündə Azərbaycana üç ölkənin - Səudiyyə Ərəbistanı, İsrail və Türkiyənin yüksək vəzifəli rəsmilərinin səfər etdiyini vurğulayan Z.Əsgərov bildirib ki, bunun adı beynəlxalq əməkdaşlıqdır və burada qeyri-adi heç nə yoxdur: "Bizim nazirlər də həmçinin xarici ölkələrə səfər edirlər. Lakin bu səfərlərə hansısa don geyindirməyə çalışmaq istehza doğurur. Azərbaycan heç kimə hesabat vermir və heç kim də bizdən hesabat tələb edə bilməz".
 
 
Politoloq Qabil Hüseynli isə bildirib ki, İran rejimi başdan-ayağa riyakarlıq içində üzür: "Ölkədə əhalinin az qala 25 faizi üsyanda iştirak edir və rejim başını itirib. Görünür, İsrail müdafiə nazirinin Azərbaycana rəsmi səfəri sanki Tehranda ildırım effekti yaradıb. Məhz buna görə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng edib və hansısa suallar verib".
 
Azərbaycanla İsrail arasındakı əlaqələrin tarixindən bəsh edən siyasi təhlilçi qeyd edib ki, iki ölkə arasındakı hərbi-siyasi əməkdaşlığın 15 illik tarixi var: "İsrail rəsmisinin Azərbaycana səfərinin kimə nə dəxli var?! Bu əməkdaşlıq Azərbaycan torpaqlarının erməni işğalından azad olunması məqsədlərinə xidmət edib və yaxşı nəticə verib. Bəhs edilən səfərdən İranın səksəyə düşməsi və molla təfəkkürü ilə hansısa mənalar axtarması gülüncdür. Bu, əvvəla siyasi etikadan qat-qat uzaq bir məsələdir. Məgər Azərbaycan bölgənin güclü və diqtə edən dövləti kimi İrana hesabat verməlidir?!"
 
İsraillə İran arasındakı münasibətlərin gərginliyindən danışan politoloq bu gərginliyin əsas səbəbkarı kimi İranı göstərib:
 
"Müşahidələrimiz əsasında demək mümkündür ki, İsrailin İrana qarşı kin-küdurəti də hiss olunmur. Nifrət təfəkküründən doğulan anormal hərəkətlər bu ölkənin xarici dövlətlərlə münasibətlərinə də mənfi təsir edir. Bu gün də Azərbaycana qarşı təhdidlər, hədələr işə salınır, müəyyən ittihamlar irəli sürülür. Sözügedən səfərin heç bir üçüncü dövlətə aidiyyəti yoxdur və üçüncü bir dövlətin əleyhinə yönəlməyib. Azərbaycan qonşu dövlətlərin xarici siyasətinə qarışmır və öz qonşularından da adekvat davranışı tələb edir".
 
Qeyd edək ki, İsrailin müdafiə naziri Benyamin Qans oktyabrın 3-də Bakıya rəsmi səfər edib. O, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəsmi şəxslərlə görüşüb.
 
Həmin gün Z.Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Baxış sayı: 6563 | Tarix: 05.10.2022
Bizi Telegramda izləyin: @repostaz