Azərbaycan, Fransa, Avropa İttifaqı və Ermənistan liderlərinin Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində dördtərəfli görüşünün gərgin keçəcəyi gözlənilən idi. Görüşdə ən azı Ermənistanı hər zaman birmənalı dəstəkləyən Fransanın da iştirakı belə düşünməyə əsas verirdi.
Parisin ənənəvi ermənipərəst siyasəti, Azərbaycan əleyhinə mövqe sərgiləməsi nəzərə alınsa, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı.
Ermənistanın Baş naziri Paşinyanın həm dördtərəfli görüş, həm də ümumilikdə sammit çərçivəsində ancaq Fransa prezidenti Emmanuel Makrona güvəndiyi, ona sığındığı davranmışlarından bəlli olurdu.
Ümumiyyətlə, Paşinyan hər zaman Fransanın da iştirak etdiyi görüşlərdə özünü daha qətiyyətli hiss edir, Fransa tərəfi də Ermənistanı dəstəklədiyini açıq gizlətmir.
Ehtimal etmək olardı ki, Ermənistan və Fransa sərhəddə baş vermiş son insidentlərə görə Azərbaycana təzyiq göstərməyi planlaşdırdılar.
Lakin Azərbaycan Prezidenti Əliyevin qətiyyəti və prinsipiallığının buna imkan vermədiyinin şahidi olduq. 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı formada təzyiq cəhdinin qarşısı alındı.
Görüşün yekununda qəbul edilən Bəyanatda diqqət çəkən mühüm məqamlar var.
Bəyanata əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdı və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bu, faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.
Bəyanatda qeyd olunur ki, görüşdə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırılıb. Komissiyanın növbəti iclasının oktyabrın sonunda Brüsseldə keçirilməsi qərara alınıb.
Görüşdə diqqət çəkən nüanslardan biri Avropa İttifaqı və Fransanın Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyi olub. Lakin öz suverenliyinə dəyər verən Azərbaycan qətiyyətlə buna etiraz edib. Azərbaycanın qəti mövqeyindən sonra razılaşdırılıb ki, mülki monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək.
Missiya işinə oktyabrda başlayıb, 2 ay müddətində başa çatdıracaq.
Sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.
Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən Praqa danışıqlarında da layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. İrəvan bununla həm də Rusiyaya qarşı yeni və kəskin addım atmış oldu. Xatırladaq ki, Nikol Paşinyan sərhədə beynəlxalq missiyanın dəvət olunması təklifi ilə hələ bir müddət əvvəl çıxış etmişdi. Onun bu təklifi isə Rusiya tərəfindən kəskin etirazla qarşılanmışdı.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova sentyabrın 29-da keçirdiyi ənənəvi brifinqdə Paşinyanın təklifinə münasibət bildirərkən, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin vacibliyini vurğulamışdı.
Zaxarova qeyd etmişdi ki, həmin razılaşmalarda nəzəriyyə və praktika, baş verənlərin konstatasiyası və gələcək planlar var: “Bu sənədlər, sadəcə, vasitəçilər arasında və hər bir ölkə ilə ayrılıqda imzalanmayıb, uzunsürən tarixi münaqişənin tərəfləri arasında imzalanıb. Buna görə də, həmin sənədlər qiymətsizdir və əsl yol xəritəsidir”.
Rusiya XİN rəsmisi həm daxildən, həm də xaricdən əldə olunan razılaşmaları dəyişmək istəyənlərin olduğunu da diqqətə çatdırmışdı: “Onlar çox şey vəd verirlər. Söz verməyi bacarırlar. Onların bu illər ərzində gördüyü işin nəticəsi olmadı. Əldə olunan üçtərəfli razılaşmalar isə kağız üzərində qalmadı. Onlar mərhələli şəkildə, addım-addım həyata keçirilir. Hər şey istəyən kimi reallaşmır. İstəyirik ki, maksimum olsun. Ona görə də reallığı xəyalla dəyişmək olmaz. Bu yəqin ki, ümumi qaydadır”.
Lakin Rusiyanın etirazını və bu məsələdə həssaslığını nəzərə almayan Paşinyan Fransanın da dəstəyi və himayəsi isə öz ərazisinə beynəlxalq missiyanın gəlməsinə yol açmış oldu. Bir məqamı da vurğulamaq yerinə düşər ki, Ermənistanın bu addımından narahatlıq keçirən növbəti ölkə isə İran olmalıdır. Çünki Ermənistan Qərbdən, İrana düşmən olan ölkələrdən məhz onun sərhədinə müşahidəçilər yığır. Bu məsələyə Tehranın reaksiyası da maraq doğurur.
Dördtərəfli görüşün yekununda verilən Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmamasına gəlincə, bu onunla bağlıdır ki, bu məsələ 2020-ci il 9 noyabr (10 noyabr) bəyanatı ilə tənzimlənir, bu hər zaman aktualdır, gündəmdədir. Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində iş davam etdirilir.
Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və bu proses məntiqi sonluğa kimi davam etdiriləcək./APA