Zəngilan və digər hava limanlarının açılması ilə Türkiyə vətəndaşlarının Qarabağa səfər etməkləri mümkün olacaq.
 
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.
 
O qeyd edib ki, həmin ərazilərdə nəqliyyat infrastrukturu tamamlanmaq üzrədir.
 
“Düşünürəm ki, bir ildən sonra Şuşaya səfərlər xeyli asanlaşacaq. İlham bəy dedi ki, gələn il üçün böyük vəsait ayırılıb. Türk şirkətlərimizin təmsilçiləri də deyirlər ki, planlar reallaşsa, 1-1,5 ilə burada işlər tamamlanacaq. Təbii ki, dəmir yolu ilə yanaşı, avtomobil yolları da var. Onları da tamamlamaqda qərarlıdırlar. Bu işləri bitirən kimi artıq Şuşaya yol açılacaq. Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq”, - deyə o bildirib.
 
Ərdoğan əlavə edib ki, Şuşa Azərbaycanın ən mühüm cazibə mərkəzidir.
 
“İlham bəy bundan sonra xüsusilə tikiləcək otellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Çünki o nöqtədə atılacaq addımlar var. Amma həqiqətən də cənab Prezident dayanmır. Çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, o binalarla bura canlandı. Əlavə olaraq Şuşaya hotellərin tikilməsi üçün yatırılacaq investisiyalar da onu cazibə mərkəzinə çevirəcək. Biz də Şuşada Baş Konsulluq açırıq”, - Türkiyə Prezidenti vurğulayıb.

Baxış sayı: 6810 | Tarix: 21.10.2022
Bizi Telegramda izləyin: @repostaz