Sülhdən siyasətçilər danışsa, daha yaxşı olar.
 
Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dair suala cavabında deyib.
 
“Sülhdən siyasətçilər danışsın”, - nazir qeyd edib.
 
Nazir yeni silahların alınmasından da danışıb. O qeyd edib ki, Azərbaycan Ordusu Türkiyədə keçirilən “Saha Expo" sərgisində nümayiş olunan əksər silahlarla maraqlanır. Artıq müqavilələrimiz də var.
 
Nazir artıq bir sıra müqavilələrin imzalandığını diqqətə çatdırıb.
 
“Baxırıq, müzakirələr aparırıq. Xüsusən qeyd etmək istərdim ki, son illərdə Türkiyədə silah istehsalında böyük işlər görülüb. Bu, bizi sevindirir”, - Zakir Həsənov vurğulayıb.
 
Nazir Azərbaycan Ordusunda “Türkiyə modeli”nin tətbiqi üzrə görülən bir sıra işləri də açıqlayıb: “İşlərin əksəriyyətini görmüşük. Təşkilatı-ştat strukturu dəyişib, sistem, əsasən idarəetmə dəyişib. Bu uğurla tətbiq olundu. Bu, son döyüşlərdə də özünü göstərdi. Bildiyiniz kimi, hərbi hissələrin təşkili ilə də bağlı işlər görülür. Komando hərbi hissələri yaradılıb və onlar da fəaliyyət göstərir”.
 
Nazir qeyd edib ki, Azərbaycan komandoları ötən ay sərhəddə Ermənistanın təxribatı zamanı baş vermiş döyüşlərdə öz imkanlarını nümayiş etdiriblər.
 
“Onlar vəzifələrini uğurla yerinə yetirdilər. Digər məsələlər də uğurla həyata keçirilir”, - nazir əlavə edib.

Baxış sayı: 5784 | Tarix: 25.10.2022
Bizi Telegramda izləyin: @repostaz