İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür.
2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub.
Beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 5 dinc sakin həlak olub, 13 mülki şəxs yaralanıb.
Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olub, 13 nəfər isə xəsarət alıb.
Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə məruz qaldığı yaşayış məntəqələrindən biri də Bərdə şəhəridir.
Bərdə şəhəri və rayonun kəndləri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb.
Bərdə rayonunda törədilən terrorlar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.