Bu gün Azərbaycanın, o cümədən Qarabağın incisi, tarixin ən möhtəşəm şəhərlərindən biri sayılan Şuşanın azad olunmasından iki il ötür.
 
İllərlə Şuşanın həsrəti ilə yaşayan, hər duasında, hər xoş anında Şuşada olmağı, İsa bulağının suyunu içib, Cıdır düzünün əsrarəngiz mənzərəsini seyr etməyi istəyən azərbaycanlıların müqəddəs arzusu məhz ötən ilin bu günü çin oldu. Vətənin bağrından zorla qoparılan Şuşa 28 il sonra azad edildi.
 
Şəhərin xalqımız üçün önəmi və dəyərini elə azad olunma xəbərini böyük qürur hissi ilə bizə çatdıran Ali Baş Komandan İlham Əliyevin sözləri bütün dünyaya nümayiş etdirdi:
 
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
 
Bəli, 8 noyabr günü biz məhz Əziz Şuşamıza qayıtdıq. Çünki Azərbaycan xalqı üçün Şuşa bir şəhərdən daha artıq anlam təşkil edir. Hətta onu heç zaman görmədən böyüyən nəsillər belə Şuşanı öz əzizi hesab edib. Şuşa həsrəti illərlə ürəyimizdə, həyatımızda, evimizin bir küncündə, xeyrimizdə, şərimizdə bizim bir əzizimiz kimi yanımızda olub. Bu həsrət, bu niskil bizimlə birgə yaşayıb, bizimlə birgə var olub. Ona görə də, Şuşanın azadlığı bizə elə öz əzizimizi qaytarmış kimi sevinc bəxş etdi.
 
44 günlük müharibənin taleyinin həll olunduğu döyüş
 
Şəhər 1992-ci ilin mayın 8-də ermənilər tərəfindən işğal olunub. İşğal illərində erməni vandalizmi şəhərdəki Azərbaycan izlərini, şəhərin həqiqi tarixini məhv etməyə çalışsalar da, bunu bacarmadı. Şuşanın hətta bu vəhşilikdən geriyə qalan hər daşında, torpağında belə Azərbaycanın ruhu duyulur.
 
Ancaq Azərbaycan xalqı bu ədalətsizliklə barışa bilməzdi və buna gec-tez son qoyulmalı idi. Üstəlik erməni baş nazir Nikol Paşinyanın bizim Şuşamızda sərxoş halda təlxəklik etməsi də hər birimizi qəzəbləndirmişdi. Vətən müharibəsinin başlanmasından sonra isə hər birimizin gözü-qulağı cəbhədə, Ali Baş Komandan İlham Əliyevin verəcəyi müjdələrin intizarında idi.
 
Şuşa əməliyyatını böyük peşəkarlıqla hazırlayan və məqsədə doğru inamla irəliləyən Azərbaycan ordusu döyüş meydanında hər ötən gün Şuşa zəfərinin əsaslarını qüvvətləndirirdi. Cəbrayıl, Füzulinin, onların ardınca Zəngilan və Qubadlının əsarətinə son qoymaqla Azərbaycan igidləri Laçına ayaq basdı. Artıq Şuşa əməliyyatı üçün həlledici addımlar atılmış, düşmənin təminat yolları bağlanmışdı, ölümcül zərbəni endirmək an məsələsinə çevrilmişdi.
 
Şuşaya sahib olmaq Qarabağın sahibi olmaq anlamına gəlir. Odur ki, bu döyüşlərə düşmən tərəfi də hazırlaşırdı. Lakin düşmən nə qədər çalışsa da, Azərbaycan xalqının Şuşa sevgisi qarşısında aciz idi. Onlar bu sevginin hərbçilərimizə hansı qüvvəti verdiyini sadəcə dərk edə bilməzdilər.
 
Həmin igidlər Şuşaya təhlükələrlə dolu, təbii maneələrin keçilməz sədd yaratdığı yolla getdi. Bu yola tarixi qələbəmizdən sonra Zəfər yolu adı verildi. Döyüş vaxtı Azərbaycan əsgərinin Şuşa həsrətinin əyani təsvirinə çevrilən Zəfər yolu müharibə başa çatdıqdan sonra ordumuzun yenilməzlik, şücaət simvoluna çevrildi. Həmin keçilməz yolu qət etməyə Azərbaycan əsgərinə Vətən sevgisi və qəhrəmanlıq kömək oldu.
 
Şuşa əməliyyatı döyüşlərin gedişində həlledici rol oynadı, düşmən tərəfə ağır zərbə vurdu. Şuşa əməliyyatının düşmənə vurduğu sarsıdıcı zərbəni Ali Baş Komandan İlham Əliyev bu sözlərlə ifadə edir:
 
“Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Şuşa əməliyyatı ayrıca bir dastandır, o haqda hələ çox danışılacaq. Ancaq Şuşaya gedən hər bir adam o sıldırım qayaları görərkən təsəvvür edə bilmir ki, o alınmaz qala necə alındı. Ancaq peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına biz Şuşanı azad etdik və düşmən diz çökdü, qabağımızda başını əydi, ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi”.
 
Şanlı qələbəmizin memarı olan dövlət başçısı öz sözləri ilə Şuşa döyüşlərində Azərbaycan ordusunun göstərdiyi rəşadət və qəhrəmanlığı ortaya qoydu. Bütün dünya müqəddəs amal uğrunda öz lideri ətrafında birləşmiş bir xalqın dəmir yumruğunun separatizm, vandalizm və terrorizmə vurduğu zərbənin gücünü gördü.
 
Şuşa döyüşlərində misilsiz şücaət göstərən Azərbaycan ordusu demək olar ki, düşmən ordusunun cılız varlığına son qoydu. Döyüş meydanında darmadağın edilən düşmən təslim olmaqdan başqa çıxış yolunun olmadığını dərk etdi.
 
Şuşa bu gün azadlığının, Vətəninə qovuşmağın ildönümünü qeyd edir. Azərbaycanın mədəniyyət paytaxtında Şanlı bayrağımız qürurla dalğalanır. Üçrəngli bayrağımızın kölgəsində Şuşa şəhərinin azadlığı əbədi olacaq. Azərbaycan var olduqca Şuşa öz əzəmətini, möhtəşəmliyini qoruyub saxlayacaq, bəşər mədəniyyətinə öz töhfəsini verməyə davam edəcək!

Baxış sayı: 6050 | Tarix: 08.11.2022
Bizi Telegramda izləyin: @repostaz