İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.
“Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu. Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq”, - Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı həmçinin əlavə edib ki, biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq.
“2 il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. 30 illik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onun “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə edilib. Bu bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir”, - Prezident İlham Əliyev vurğulayıb.