Artıq səkkiz dövləti (5 üzv, 3 müşahidəçi) sıralarında birləşdirən Türk Dövlətləri Təşkilatı (TDT) ciddi beynəlxalq gücə çevrilməyə başlayıb.
Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, bu böyük ailənin inteqrasiyasının, birliyinin nə dərəcədə möhtəşəm nəticələr verə biləcəyini təsəvvür etmək çətin deyil. Azərbaycan da bu qlobal təşkilatın yaranmasında və önəmli pay sahibi olmasında yaxından iştirak edib, hər zaman türk dünyasının sıx birləşməsinə çalışıb. Bu xüsusda 2009-cu il oktyabrın 3-də Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatının böyük inkişaf yolu keçdiyini söyləyə bilərik. Məhz həmin Zirvə Görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev türkdilli xalqların və dövlətlərin birliyinin daha da gücləndirilməsinə, beynəlxalq platformalarda birgə hərəkət etməyə çağırış edən proqram xarakterli nitq söyləmişdi.
“Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır. Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır”, - Prezident çıxışında qeyd etmişdi.
Prezident İlham Əliyevin uzaqgörənliklə söylədiyi bu fikirlər 13 il sonra həyata keçməkdədir.
Dövlət başçısı Azərbaycanın əzəli torpağı olan Zəngəzur dəhlizinin önəmini də hələ o vaxt qeyd etmiş, bu bölgənin bolşeviklər tərəfindən Ermənistana hədiyyə edilməsinin türk dünyasını ayırmağa hesablandığını vurğulamışdı: “Naxçıvan, eyni zamanda, Azərbaycanın yeganə bölgəsidir ki, Türkiyə ilə həmsərhəddir. Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk. Düzdür, coğrafi baxımdan bu gün bizim aramızda Azərbaycanın indi Ermənistanın tərkibində olan qədim diyarı - Zəngəzur bölgəsi yerləşir. Ancaq mənəvi baxımdan, siyasi baxımdan və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində türk dünyasının birləşməsi və bir qüvvə kimi fəaliyyət göstərməsi bu gün reallıqdır, həqiqətdir. Bu həqiqəti biz yaradırıq və bizdən asılıdır ki, bu birlik davam etsin, güclənsin və bizim xalqlarımıza yeni imkanlar yaratsın”.
Son illər Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edib. Artıq Azərbaycan türk dövlətlərinin sərhədlərindən kənarda yaşayan soydaşlarımızın problemləri təşkilatın gündəliyinə gətirilməsinə başlayıb. Prezident İlham Əliyev də bugünkü Zirvə görüşündə bu məsələyə toxundu, bildirdi ki, türk dünyasında gənc nəslin yaşadığı ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır.
“Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.
Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.
Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır.
Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”, - deyə dövlət başçısı yüksək tribunadan vurğuladı.
Prezidentin dediklərindən aydın olur ki, Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səyləri bundan sonra daha da gücləndiriləcək. Bu kontekstdə, TDT xətti ilə birlikdə aparılacaq koordinasiyalı siyasət vəziyyətə müsbət təsir göstərə bilər. Paralel olaraq, qeyd olunmalıdır ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Bu geniş coğrafiyaya Rusiya, Çin, İran, İraq, Suriya və Balkan ölkələri də daxildir.
TDT-nin daha bir önəmli missiyası tərəfdaşlıqdan inteqrasiyaya aparan yolla bağlıdır. Türk dövlətləri arasında intensivləşən inteqrasiya prosesini Türkiyə və Azərbaycanın apardıqları siyasətdən də qabarıq şəkildə görmək olur. Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi, ölkələrin xarici siyasətdə tam koordinasiyalı və vahid məqsəd uğrunda çalışdığını göstərən nümunələrdən biri Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərində özünü göstərir. Türkiyə bölgədə bərpa işlərində aktiv iştirak edir. Bu yaxınlığın nümunəsi kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad edilmiş torpaqlara 3 dəfə səfər etməsi, Şuşaya, Füzuliyə, Zəngilana və Cəbrayıla baş çəkməsidir. Azərbaycan digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edir və mövcud əlaqələri daha da sıxlaşdırmağa çalışır.
Bu kontekstdə Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəb və Qazaxıstan tərəfindən inşa olunacaq Yaradıcılıq Mərkəzi Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürü kimi dəyərləndirilməlidir.
Dövlət başçısı hər çıxışında, hər addımında Türk dövlətlərinin daha da yaxınlaşmasına, bir ailə olmasına çalışır. Azərbaycan lideri bugünkü sammitdəki çıxışında da türk dövlətlərinin müxtəlif sahələrdə əməkdaşlığının vacibliyini bir daha vurğuladı: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.
Türk dünyasının birliyini, gücünü həzm edə bilməyən Ermənistan isə öz qeyri-konstruktiv siyasəti ilə bu birliyə mane olmağa cəhdlər edir. Bu cılız cəhdlər türk birliyinin inteqrasiyasına mane ola bilməsə də, Zəngəzur dəhlizinin açılmasını yubatmaqla Ermənistan öz məkrli siyasətini davam etdirir. Sentyabr hadisələri də məhz Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyindən yayınmaq və Azərbaycana qarşı “təcavüz” ittihamlarını səsləndirmək üçün bir plan idi. Amma ordumuzun layiqli cavabı bu məkrli planı mümkünsüz etdi. Praqa və Soçi bəyanatlarında tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması isə Qarabağ məsələsinin Azərbaycanın bəyan etdiyi kimi, tarixdə qaldığını bir daha təsdiqlədi. Bu kontekstdə unutmaq olmaz ki, Ermənistan İslam dünyasına hörmətsizlik edən, məscidləri donuz saxlamaq üçün tövləyə çevirən, murdarlayan islamofobiya və türkofobiyanı dövlətin rəsmi siyasi xətti elan edən ölkədir. Buna görə də Ermənistan 30 ildir ki, regional autsayder və qlobal izolyasiya içərisindədir. Azərbaycan isə əksinə, türk dünyasında artan nüfuzu, dinamik inkişafı ilə və etibarlı tərəfdaş kimi beynəlxalq miqyasda tanınır. Qarabağın azad edilməsinə görə Prezident İlham Əliyevin ötən il İstanbulda ordenlə təltif edilməsi isə türk dünyasının Azərbaycan Prezidentinin fəaliyyətinə verdiyi qiymət, qalib Ordunun Ali Baş Komandanı kimi ona olan ehtiramın əlamətidir. Hərbi, siyasi nüfuzu ilə yanaşı, Azərbaycanın türk dünyasında, eləcə də dünyadakı iqtisadi qüdrəti də danılmır. Macarıstanın Baş naziri Viktor Orbanın Avropanın alternativ enerji ilə təmin edilməsinə görə Azərbaycana təşəkkür etməsi bunu sübut edir. Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri və ekspertlər Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bu ağır dönəmdə Azərbaycan qazının Avropa üçün yeganə alternativ mənbə olduğunu və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun çox vacib olduğunu etiraf edir.
Səmərqənd IX Zirvə görüşü bir daha göstərdi ki, Azərbaycan digər Türk dövlətləri ilə birgə çıxdığı yolla uğurla irəliləyir, 13 il əvvəl Naxçıvanda bünövrəsi qoyulan bu əməkdaşlıq formatı daha da qüvvətlənir və genişlənir, TDT sürətlə regional və beynəlxalq gücə çevrilir.
APA Analytics