"Havadan barıt qoxusu gəlir".
Bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
"Milli dirçəliş və milli azadlığa gedən yol ümummilli Heydər Əliyevin adı ilə bağlıdır. Bu proses də məhz Azərbaycanın müstəqilliyinə gətirib çıxardı", - deputat əlavə edib.
Onun sözlərinə görə, bu gün Türkmənçay müqaviləsindən sonra 200 illiyi ərəfəsində Ali Baş Komandan İlham Əliyev yeganə şəxsdir ki, şəkli Azərbaycanın ürəyi olan Təbrizdə, Ərdəbildə, Xoyda və digər yerlərdə divarlara vurulub. Onun adı Azərbaycan xalqının lideri, Qarabağın fatehi kimi çağırılır. Cənublu qardaşlarımıza demək istəyirəm ki, bu fatehlik tək Qarabağla bitməyəcək, onun fatehliyindən çox yeniliklərin şahidi olacağıq. Ona görə də burada büdcəni müzakirə edən vaxt dünyada baş verən hadisələr içərisində kiçik məsələlərə getməyib qlobal məsələləri ortaya qoymalıyıq. Bilirsiniz ki, bu gün havadan barıt qoxusu gəlir. Bu baxımdan təklif edirəm ki, büdcədə təhlükəsizlik, müdafiə məsələləri geniş əhatə olunsun. Bir yandan Fransa, bir yandan İran, bir yandan Rusiya fərman göndərir. Belə dövrdə tək hərbi müdafiədən yox, eləcə də hərbi, diplomatik, informasiya, sosia-iqtisadi, ərzaq təhlükəsizliyindən söhbət gedir. Bu da qlobal məsələlərdən biridir ki, bunları həll etməliyik. Hökumətlə bir yerdə bir yumruq kimi bir yerə vurmalıyıq, hökumətin fəaliyyəti dəstəklənməli, lazımi qanunlar qəbul edilməlidir”.
Spiker Sahibə Qafarova isə əlavə edib ki, Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur.