Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.
 
Sərdar Berdiməhəmmədov dövlətimizin başçısı ilə görüşündən dərin məmnunluq hissi keçirdiyini bildirərək, dəvəti qəbul etdiyinə və Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Hazırkı dövrdə üçtərəfli əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını deyən Sərdar Berdiməhəmmədov Türkmənistan tərəfinin bu Zirvə Görüşünə böyük önəm verdiyini vurğuladı.
 
Prezident İlham Əliyev qardaş Türkmənistana yenidən səfərindən məmnunluğunu ifadə etdi, bu Zirvə Görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident Sərdar Berdiməhəmmədova minnətdarlığını bildirdi. Üç xalqın tarix və dil baxımından ümumi köklərə malik olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı. Prezident İlham Əliyev bu Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Eyni zamanda, bu görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirdi.
 
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Baxış sayı: 5803 | Tarix: 14.12.2022
Bizi Telegramda izləyin: @repostaz