Allaha dua edib öldürməyini istəmək də elə intihara cəhddir. Mən də uşaq vaxtı  bunu çox edirdim. Ölmək istəməkdə özümə görə səbəblərim var idi. Məsələn, atamla anamın səngimək bilməyən davaları, anamın xəstəliyi, yetim qalmaq qorxusu və s. kimi səbəblər.  Zamanla həll olurdu o problemlər və hər belə problemin həlli sonrası ürəyimdə “nə yaxşı, nə yaxşı ki,  ölmədim , ay allah, bağışla məni” olurdu. 
 
İllər keçdi, böyüdüm. Səbəblərim dəyişdi, fikrim dəyişmədi. Yenə fikrimi icra etməyə səbəb axtarırdım. Sonra bir az da böyüdüm, bu dəfə intihar üçün bəlkə  tutarlı səbəblərim vardı, amma öhdəsindən gələ biləcəyim gücüm də vardı. Elə bir güc ki,  intihar etməyi ağlımdan keçirdiyimi xatırladıqca utanırdım.  
 
Sonra hər kəs kimi məni də sınadı həyat.  Sınamaq deyil, əslində, acısından daddırır hamıya. Kiminə çox, kiminə az. Kimi dözür, kimi udsa da qaytara bilir, kimi də üstündən bir şirin şərbət içir. Kimi də payına düşən acıdan ciyərinə kimi yanır, sonra da verdiyi qərarlarla “yandırır”- Mövlud kimi. Bəlkə də bir az mənim kimi, bir az sənin kimi, bir az onun kimi...
 
 Olur, hər kəs bəzən verdiyi qərarlarla kimisə, kimlərisə yandırır. Olur, insan yenik düşür çarəsizliyə. Olur belə. İntihar fikri yoldaşlıq edir sənə. 
 
Elə o gecə- Mövludun intihar etdiyi gecə mən də  “yoldaşım”la çıxmışdım ölümün  ən “gözəl”ini tapmağa... Məni yenə daşındıran bir qüvvə oldu. Yaxşı ki, oldu.  Yenə də uşaqlıqdakı kimi dedim yaxşı ki.. Yorğun, yuxusuzluqdan az qala qapanan gözlərim, bulanan ürəyim, üstümə yapışan dərin bir boşluqda qalmış kimi çarəsizliklə dolana-dolana qayıtdım evə. Yaxşı ki, qayıtdım, amma kaş ki qayıtmazdım.
 
Həə... Mən də kaş ki deyənlərdənəm. Kaş ki, elə dolana-dolana özümün də bir neçə ay işçisi olduğum o ofisin yerləşdiyi binanın yaxınlığından keçərdim. Axı dolandığım  88 nömrəli avtobus da  o binanın qarşısından keçirdi.  Həmin gün elə düz bir il olurdu ordan çıxmağımın. O günlərdə mən də çarəsizdim, oranı tərk edərkən içimdə “yenə itirdim” deyişimi xatırladım.  Deyirəm, olmazdım elə güclü, mən də çarəsizliyə qapılıb çıxardım  düz binanın təpəsinə, üzü aşağı gələrdim. Əvvəl qorxurdum ölümdən  kim qarşılayar orda məni  deyə.  İndi qorxum da yox idi. Dağ kimi atam vardı... Amma etmədim. Çünki çox güclü idim. Özü də intihar edənlərin cəsarətində daha güclü.
 
Yaxından tanımırdım Mövludu. Yaradıcılığından tanış idim, hekayələrindən tanıyırdım. Nə olsun ki, dost deyildik. Kaş gedərdim, çıxardım  17-ci mərtəbəyə. Bəlkə qarşılaşardıq. Bəlkə tale dostu olardıq. Bəlkə elə o məni fikrimdən yayındırmağa çalışarkən verəcəyi təsəllilərə özü inanıb yayınacaqdı, düşəcəkdi o binanın başından. Özü də uçaraq deyil, qaçaraq...  Beləcə mən də bir qəhrəman olacaqdım, o da.  Bəlkə mən atasını ucalardan endiridyim üçün Ucalın da qəhrəmanı olacaqdım.  Qəhrəman olmaq məsələnin sərsəmləmək  tərəfidir. Nə qəhrəman e?  Sadəcə ölməzdi də. İndi açılacaq heç bir səbəb onu geri qaytarmayacaq axı. Heç bir peşmanlıq, heç kim, heç nə onu, onları- “intiharçı”ları geri qaytara bilmir. Axı Mövlud ilk deyildi, son da deyil.  Bilirəm, indi hamı öz-özünə sual verir -sabah Mövıudun şəklinin yerinə kim baxacaq? Kimə baxıb heyfslənəcəyik?  O kimdirsə özü bilir, indi de, tutaq əlini buraxmayaq! Çarə axtaraq, tapaq. Tapmasaq lap elə bir yerdə ölək. 
 
Tutaq əlini. Tutaq  ki, sonra “niyə?”mizlə camaatın baş-beynini aparmayaq. Bezdirməyək insanları. Bezdirməyək, Mövludların ölümündə “səbəbkar” tutduqlarımızı. Axı sabah onlar da ölsə yenə təəssüf, peşmanlıq dolu cümləlrimizi bir-birimizin gözünə soxacağıq.
 
Ölümün də, doğum kimi növləri var. Erkəni, gecikmişi,təbiisi var, sünisi, qeysəriyyəsi var.. İndi nə edə bilərik ki, Mövlud da, ondan əvvəl intihar edənlər də bu növünü seçdi. Əslində isə onlar çox yaxşı bilirdilər hər şeyin olduğu kimi  ölümün də təbiisi faydalıdır. Məsələn, yaşadığın ömrün izini üzündə görmədən,  ayna qarşısında durub kədərin qırışı ilə sevincin qırışısını ayırd etməyə çalışmadan niyə ölək?
 
Amma burası var ki, yaratmaqla çırpındıqlarıı halda yaralanan, yarasını sarımağa bir kəsi tapmayan, borcu qapamadan borc edən, ömrünü zərərlə keçirmişin nəyinədir faydalı ölüm... 
 
Məryəm
 

Baxış sayı: 3675 | Tarix: 18.03.2017
Bizi Telegramda izləyin: @repostaz