Türkiyənin İstanbul şəhərindəki binaların zəlzələyə davamlılığı ilə bağlı yoxlamalar aparılıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ümumi tikililərin 30%-də yoxlamalar aparıldıqdan sonra 318 binanın zəlzələyə tab gətirməyərək, həmin anda çökəcəyi ortaya çıxıb.
Bu barədə İstanbul Büyükşehir Bələdiyyəsindən (İBB) məlumat verilib.
Sözügedən qurumun əməkdaşı bildirib ki, 10 min sakinin yaşadığı 318 bina təbii fəlakət baş verdiyi anda dağılacaq:
"Araşdırmalar aparılan binaların zəlzələyə davamlılığı E kateqoriyasında belə deyil. 1 525 bina böyük risk altındadır, 318 bina isə zəlzələ baş verən kimi çökə bilər. Bu səbəbdən biz mərhələli şəkildə əvvəl 318 binanın sakinlərinə, daha sonra isə 1 525 binada yaşayan ev sahiblərinə kirayə pulu ödəcəyik. Məbləğ həmin evlərin sahiblərinə ödəniləcək. Orada yaşayan kirayəşinlərə aid edilməyəcək".
Xatırladaq ki, Türkiyənin 10 şəhərini əhatə edən güclü zəlzələdə 6 444-dən çox bina dağıntılara məruz qalaraq kütləvi insan tələfatına səbəb olub.