Bu gün Ədalət Partiyasının Siyasi Şurası Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı bəyanatla çıxış edib. Ötən il olduğu kimi, bu il də Ədalət Partiyası hakimiyyətdən Xocalı soyqırımının təşkilatçılarının cəzalandırılmaları və Xocalıya qayıdışımızın ən qısa müddətdə təmin edilməsi üçün xüsusi əməliyyatlara başlamağı tələb edib. 
 
Ədalət Partiyasının bəyanatında deyilir: 
 
“Ermənistanın Azərbaycana qarşı terrorçu və işğalçı siyasətinin ən bariz dəlil-sübutlarından biri olan və XX əsrin ən böyük genosid aktlarından sayılan Xocalı soyqırımından artıq 31 il keçir. 
 
Düz 31 il əvvəl - 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri Rusiyanın Xankəndində yerləşən 366-cı polkunun köməyindən də yararlanmaqla, azərbaycanlılar arasında kütləvi şəkildə qorxu, vahimə yaratmaq və onları öz doğma torpaqlarını tərk etməyə məcbur etmək məqsədiylə Xocalı şəhərinin aralarında 63 azyaşlı uşaq, 70 qoca və 106 qadın olmaqla 613 nəfər dinc sakinini milli və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirib, 125-nin taleyi hələ də bilinməyən 1275  nəfəri girov götürüb və girovlara da misli görünməmiş işgəncələr verilib, ləyaqətləri alçaldılıb. 
 
İndiyədək aparılmış istintaq materialları, əldə edilmiş dəlil-sübutlar, şahid ifadələri və eləcə də bu qətliamı təşkil edən erməni hərbçi və siyasətçilərin etirafları Xocalı genosidinin təşkilatçılarının və icraçılarının kimliklərinin çevrəsini tam şəkildə müəyyənləşdirsə də, təəssüf ki, aradan 31 il keçməsinə baxmayaraq, onlar hələ də törətdikləri bu ağır cinayətə görə cəzalarını almayıblar.
 
Tək təsəllimiz 2020-ci ilin 27 sentyabr - 10 noyabr aralığındakı 44 günlük Qarabağ savaşında torpaqlarımızın işğaldan azad edilməsi, bu işğalçıların, terrorçu və separatçıların bir qisminin döyüş meydanında məhv edilməsi olsa da, təəssüf ki, hələ də nə Xocalı sakinlərinin qanının töküldüyü yerləri ziyarət edə, nə də bu soyqırımı həyata keçirənlərin cəzalandırıldığını görə bilirik.
 
Ədalət Partiyası hesab edir ki, öz hərbi-siyasi gücünü düşmənə göstərmiş Azərbaycan dövlətinin qarşısında indi həlli vacib məqsədlərdən biri tezliklə Xocalıya qayıdışımızı təmin etmək, eyni zamanda, Xocalı genosidinin əsas təşkilatçılarının – Serj Sarkisyanın, Robert Koçaryanın, Seyran Ohanyanın və onların göstərişlərini icra etmiş canilərin hər birinin tutulub gətirilərək məhkəmə önünə çıxarılması və ya dünyanın harasında olurlarsa belə, xüsusi əməliyyatlarla zərərsizləşdirilməsi hədəfi olmalıdır.
 
Bu sahədə digər dünya ölkələrinin təcrübəsinə istinad edən Ədalət Partiyası hesab edir ki, Azərbaycan xüsusi xidmət orqanları Xocalı genosidinin təşkilatçılarının tutulub gətirilməsi və ya onları olduqları yerlərdə cəzalandırılması işinə təkcə dinimizin bizə verdiyi qisas haqqı, mənəvi borc kimi yanaşmamalı, həm də bu əməliyyatları millətimizin və dövlətimizin şərəfinin, ləyaqətinin qorunması vəzifəsi bilməlidirlər!
 
Ədalət Partiyası bu qənaətdədir ki, Xocalı qatillərinin tezliklə tutulub gətirilməsi və ya xüsusi əməliyyatlarla olduqları, yaşadıqları yerlərdə cəzalandırılmaları erməni faşizminin və separatizminin yenidən baş qaldırmasının qarşısını kəsəcək ən yaxşı önləyici tədbirlər, həm də əhalimizdə təhlükəsizliyinin, milli qürur və şərəfinin qorunması işinin əmin əllərdə olduğuna inamı da gücləndirmiş olacaq.
 
Bu səbəblərdən Ədalət Partiyası Azərbaycan rəhbərliyini gecikmədən Silahlı Qüvvələrimizə, xüsusi xidmət qurumlarımıza belə əməliyyatların keçirilməsi tapşırığını verməyə və onun da məsuliyyətindən çəkinməməyə çağırır.
 
Ədalət Partiyası hesab edir ki, qisas əməliyyatlarının keçirilməsi və Xocalıya qayıdışımızın tezliklə təmin edilməsi erməni separatizmi üzərində tam və qəti qələbəmizin təsdiqi sayılmaqla yanaşı, xalqımız üçün də böyük mənəvi rahatlıq, təskinlik mənbəyi olacaq”.

Baxış sayı: 8862 | Tarix: 24.02.2023
Bizi Telegramda izləyin: @repostaz