Martın 28-də terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlama verib.
O, bunları deyib:
“Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə birdən nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının ön şüşəsi silkələndi. Çiynimdə dəhşətli ağrı hiss edirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım”.
Millət vəkilinin sözlərinə görə, sonra qapını bağlayaraq təcili tibbi yardım və hüquq-mühafizə orqanlarına məlumat verib: “Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Daha heç nə xatırlamıram.
Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.
Xatırladaq ki, dünən Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nahiyəsindən və ayağından yaralanan millət vəkilinə ilk olaraq Kliniki Tibbi Mərkəzdə həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.
***
Dövlət Təhlükəsizlik Xidməti:
Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilmişdir.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.
Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.
Media nümayəndələrindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.