Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib.
 
Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını bir daha ifadə edib.
 
Dövlət başçısı salamlara görə təşəkkürünü bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
 
Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyərək, Azərbaycanın Türkiyəyə yardımını qardaşlıq borcu kimi dəyərləndirib.
 
Azərbaycan Prezidenti bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq, Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
 
Prezident İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib.
 
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Sonda dövlət başçısına xatirə hədiyyəsi təqdim olunub.

Baxış sayı: 7361 | Tarix: 03.04.2023
Bizi Telegramda izləyin: @repostaz