Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.
 
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 
Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub.
 
O, 1986-cı ildən Bakı şəhər 42 nömrəli məktəbdə təhsil alıb, 1995-ci ildə ekstern imtahanlar verərək orta məktəbi bitirib və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub.
 
1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilib və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alıb.
A.Kərimli, 2004–2010-cu illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olub. 1 iyul 2022-ci ildə yenidən Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilib. 2014-cü ilin may ayından Azərbaycan Avtomobil Federasiyasının İdarə Heyətinin üzvüdür.
 
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli müvafiq sərəncamları ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilmiş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib.
 
İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir.

Baxış sayı: 8444 | Tarix: 14.04.2023
Bizi Telegramda izləyin: @repostaz