14 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.
 
Bu barədə Xarici İşlər Nazirliyinin şərhində bildirilib.
 
"Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyirik.
 
Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, onun sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir.
 
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq".

Baxış sayı: 8900 | Tarix: 15.04.2023
Bizi Telegramda izləyin: @repostaz