Azərbaycan öz ərazisində sərhəd-keçid məntəqəsi qurub. ABŞ, Fransa bundan narahat olub. Rusiya da deyib ki, 10 noyabr bəyanatına qayıtmaq lazımdır.
10 noyabr bəyanatı əvvəla, norma yaradan bir sənəd deyil. İkincisi, harasa qayıtmalı olan varsa, o, Rusiyanın Qarabağda “sülhməramlı” kontingetidir; evə qayıtmalıdır. Ya da erməni separatçılarına sursat daşımaq, erməni uşaqlarına silah təlimi keçmək əvəzinə ən azı öz mandatına qayıtmalıdır. Missioner Vardanyan Rusiyaya qayıtmalıdır. Bundan başqa Qarabağda Ermənistan ordusunun xeyli tör-töküntüsü var, ölkəsinə qayıtmalıdır. Qarabağdakı erməni əhali Azərbaycan vətəndaşlığına qayıtmalıdır. Ermənistanda minlərlə Azərbaycanlı əsir və girov var, saxta ittihamlarla məhkum edilmiş əsgərlərimiz var. Onlar Azərbaycana qaytarılmalıdır. Qazaxın, Naxçıvanın Ermənistan işğalında qalan kəndləri var, onlar qayıtmalıdır...
Qayıtmalı olan başqalarıdır. Azərbaycan sərhədçiləri öz məsuliyyət ərazisində sərhəd-keçid məntəqəsi qurub, hara qayıdacaq və niyə?!
Azərbaycanın öz ərazisinə, sərhədlərinə nəzarət etməsindən nə üçün narahatsınız ki?! Sizin qonşularınızla sərhədlərdə nəzarət-buraxılış məntəqələriniz yoxdur?! Axı nədir bu əlahiddə və fövqəladə Ermənistan sevgisi?! Nədəndir?!
Azərbaycanın Ermənistandan başqa daha 4 ölkə ilə quru sərhədləri var. O sərhədlərdə nəzarət-buraxılış məntəqələri var. Ermənistanla niyə olmasın?! Adı üstündə: nəzarət-buraxılış. Yəni Azərbaycan istəyir ki, ərazisinə gələn adamları, gətirilən yükləri yoxlayıb buraxsın. Burda qeyri-adi və fövqəltəbii nə var ki?! Siz – narahat bəyanatlar saçan ölkələr, sərhədlərinizdən keçənlərin daxili oqranlarını da yoxlayırsınız. Sizin sərhədlərinizdən bir iynə keçirmək mümkün deyil; adamları və əşyaları iynənin ildızından keçirirsiniz. Azərbaycan öz ərazisinə Ermənistan tərəfdən gətirilən silah-sursatı, raketləri, topu-topxananı, minaları, dronları... bəh-bəhlə qarşılayıb cəh-cəhlə Xankəndinə yola salmalıdır?!
Az əvvəl ora İrandan-Virandan terrorçular da keçirilmişdi. Neynəyək indi?! Gürcüstandan gələn dinc turistə qapımızı bağlayaq (ki, bağlamışıq da), əvəzinə İrəvandan, İrandan, Suriyadan, Livandan... gələn terror dəstələrinə qucaq açaq?! Məşhur Azərbaycan filmində deyildiyi kimi, bəlkə ayaqlarının altına xalça da döşəyək?!
Bu qədər haqsız, ədalətsiz olmaq sizə yaraşdımı?! Yaxşı, bizim haqqımızı da qoyaq qırağa. Fövqəl-fövqəl dövlətlərsiniz, bir cırtdan, cırtqoz Ermənistana görə öz prinsiplərinizdən bu qədər sərt U dönüşünü niyə edirsiniz?! Yoxsa heç prinsip-filan da yox imiş, biz yanlış anlamışıq?!
Xeyr, bizdə yanlış yoxdur. Narahat olmayın, Azərbaycan nə edibsə, düz edib. Hələ gec edib!
Bahəddin Həzi