Qafqaz, xüsusən Qarabağ münaqişəsi üzrə mütəxəssis olan britaniyalı jurnalist Tomas de Vaal son müsahibəsində son dərəcə önəmli məqamlara toxunub. O,  Laçın yolunda tələsik şəkildə sərhəd-buraxılış məntəqəsinin qurulmasını Türkiyədəki prezident seçkiləri ilə əlaqələndirib.  
 
Tomas de Vaal deyib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyədə prezident seçkisini uduza da bilər. Onun fikrincə, Türkiyədə yeni prezidentin seçilməsi Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsinə start verəcək: “Türkiyə Azərbaycanın bu cür birmənalı müttəfiqi olmaqdan əl çəkə bilər, çünki Ankaranın Cənubi Qafqazda öz gündəmi ola bilər və Türkiyə Azərbaycanı bərabərhüquqlu tərəfdaş kimi yox, kiçik qardaş kimi qəbul etməyə başlaya bilər”.
 
Bunu Elbəyi Həsənli demir ha, Tomas de Vaal deyir. Onun sözünün canı odur ki, hazırda Türkiyə-Azərbaycan münasibətləri bərabərhüquqlu tərəfdaş səviyyəsindədir, ancaq Kamal Qılıncdaroğlu Türkiyə prezidenti seçilsə, Türkiyə-Azərbaycan münasibətləri kökündən dəyişəcək. Yəni Türkiyə Azərbaycanı bərabərhüquqlu tərəfdaş kimi yox, kiçik qardaş kimi qəbul etməyə çalışacaq. Azərbaycana isə böyük qardaş qətiyyən lazım deyil.
 
Bizim özünü demokrat adlandıran hörmətli politoqlarımız isə and-aman edir ki, Kamal Qılıncdaroğlu Türkiyə prezidenti seçilsə, Türkiyə-Azərbaycan münasibətləri indikindən də yaxşı olacaq. Təbii ki, yalan deyirlər. Özü də bilə-bilə, Qərbin sifarişi ilə xalqı aldadırlar...
 
Siz özünüz bilərsiz. Mən nağdını qoyub nisyə dalınca getmək fikrində deyiləm. Ona görə də mən axıra kimi cənab Ərdoğanı müdafiə edəcəm. Çünki Azərbaycanın və Türk Dünyasının maraqları bunu tələb edir...
 
Elbəyi Həsənli

Baxış sayı: 9622 | Tarix: 26.04.2023
Bizi Telegramda izləyin: @repostaz