“Mən onlara demişəm ki, qatilin kim olduğunu bilirsinizsə, ortaya çıxarın. Sizin də canınız qurtarsın, mən də övladımın qatilinin kim olduğunu bilim”
 
Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu ilin noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
 
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
 
Bir neçə gün öncə Gəncə Ağır Cinayətlər Məhkəməsində İlkin Süleymanova hökm oxunub. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərminin ölümündə şübhəli bilinən Süleymanova 18 il müddətinə həbs cəzası kəsilib.
 
Məhkəmədən sonra “Nərmin olayı” barədə müzakirələr daha da qızışıb. Təqsirləndirilən şəxsin ailə üzvləri, yaxınları, eləcə də bəzi ictimai fəallar sosial şəbəkələr və mətbuat vasitəsilə İlkinin günahsız olduğunu deyərək, onun barəsində çıxarılmış hökmə etirazlarını bildiriblər.
 
Düz 3 ildir ölkə gündəmini zəbt edən cinayət olayında Nərminin ailəsi də sərt tənqidlərə tuş gəlib. Onlar ziddiyyətli və qərəzli ifadələr verməkdə, İlkinin günahsız yerə həbsə atılmasında və cinayətin gerçək izlərinin gizlədilməsində ittiham olunurlar. Sosial şəbəkələrdə açılan müzakirələrdə Nərminin valideynləri barədə müxtəlif şayiə və sensasiyalı iddialara rast gəlmək olar.
 
Belə məqamda Modern.az-ın redaksiyasına zəng vuran Nərminin atası Şərif Quliyev cinayət işi ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək istədiyini deyib və ictimaiyyəti maraqlandıran bir çox sualları cavablandırıb.
 
“Hadisə yerində çəkiliş aparılıb. İlkin orada etiraf edib. Məndə istintaq çəkilişinin videosu var. Təxminən 45 dəqiqəlik videodur. Ancaq qarşı tərəf ictimaiyyətə yanlış məlumatlar çatdırır. Həmin videoda İlkin cinayəti etiraf edir. Bunu ictimaiyyətə göstərmək lazımdır. Çəkiliş zamanı faktlar göstərilir. İlkin hadisə yerinə gətirilib. Orada dindirilərkən etiraflar edib. Mən istərdim ki, həmin video mediada göstərilsin”, - deyə Ş.Quliyev haqqında bəhs etdiyi videokadrların məhkəmədən sonra ona təqdim edildiyini söyləyib.
 
O, “Nərmin işi”nin niyə uzun çəkməsi və ailəsi barədə səsləndirilən ittihamlara münasibət bildirərək deyib:
 
“Bir il yarım istintaq, iki il məhkəmə prosesi getdi. Qarşı tərəfin vəkilləri prosesi uzatdı. Hər dəfə bir vəsatət qaldırırdılar. Məhkəmə həmin vəsatətlərə baxırdı”.
 
Nərminin atası məhkəmədə verilən ifadələrdə ziddiyyətli məqamların olduğunu iddia edir:
 
“İlkinin özü 4 dəfə ifadə verib. İfadələri bir-biri ilə ziddiyyət təşkil edirdi. Dindirilən şahidlərin ifadələrində də ziddiyyət vardı. Bütün bunlara aydınlıq gətirmək üçün məhkəmə prosesi uzandı”.
 
“Məhkəmədən sonra mətbuatda belə bir xəbər yayıldı ki, guya kənd sakinləri bizə qarşı aksiya keçirir. Həmin şəxslər kənd sakinləri deyil, İlkinin qohumlarıdır. Həqiqət insanlara başqa formada çatdırılır. Yaxşı olardı ki, mənim dediyim videoya baxsınlar. Ondan sonra bizi başa düşərlər”, - deyə Şərif Quliyev İlkin Süleymanovun vəkillərini müttəhimin ifadəsinə müdaxilə etməkdə günahlandırıb.
 
“Vəkillər edib hamısını. 3 vəkili var”, - deyə o bildirib.
 
“Ağır cinayətdir. Bunu qəbul etmək qarşı tərəf üçün çətindir. Ona görə də belə vəziyyət yarandı”, - deyən Şərif Quliyev hadisədən sonra İlkinin yaxınlarının onunla görüşmək istədiyini, lakin barışığa razı olmadığını söyləyib.
 
“Onlar bunu istəyib. Mən getməmişəm. Üçüncü şəxslər tərəfindən mənə belə mesaj ötürməyə çalışıblar. Lakin razı olmamışam”, - deyə mərhumun atası vurğulayıb.
 
18 illik həbs cəzasına gəlincə, o, qərarla razılaşmadığını, apellyasiya şikayəti verəcəyini diqqətə çatdırıb.
 
“Qərarla razı deyiləm. Apellyasiyaya vermək fikrim var. Bu cür iş üçün oxunan hökmün müddəti azdır. Öldürüb, yandırıb, işgəncə verib. 18 il nədir? Mən ömürlük həbs verilməsini istəyirdim. İmkanım olmadığı üçün vəkil tuta bilmədim”.
 
Şərif Quliyev İlkinin ailəsinin etirazlarına belə reaksiya verib:
 
“Mən başa düşürəm onların məqsədini. İstəyirlər ki, onlarla dava edim. Mən yenə deyirəm, onlar İlkinin günahsız olduğunu sübut etsinlər. Ortaya fakt qoysunlar. Onlar əllərində faktların olduğunu, hadisəni kimin törətdiyini bildiklərini deyirlər. Belədirsə, çıxarıb ortaya fakt qoysunlar. Mən onlara demişəm ki, qatilin kim olduğunu bilirsinizsə, ortaya çıxarın. Sizin də canınız qurtarsın, mən də övladımın qatilinin kim olduğunu bilim. Düşmənimi bilim. Niyə deyim ki, qatil İlkindir? Mən istəmərəm kimsə günahsız yerə həbsdə yatsın. Deyirəm, buyursunlar faktlarını göstərsinlər”.
 
Övladını itirən Quliyev kimlərsə tərəfindən pul müqabilində susdurulmaları barədə deyilənlərə də səssiz qalmayıb:
 
“Guya hökumət mənim evimi təmir edib. Guya hansısa nazir mənə pul verib. Allaha and olsun ki, bir adam belə mənə pul verməyib. Onlar sadəcə olaraq, məni qıcıqlandırmaq istəyirlər. Gəlib baxsınlar, mənim evimin tavanı kartondandır. Mən fəhləliklə məşğulam. Bir inəyim vardı, o da öldü. Günü 15-20 manata fəhləliyə gedirəm. İnanmayanlar gəlib necə şəraitdə yaşadığımızı öz gözləri ilə görsünlər. Bizim çəkdiyimizi bir Allah bilir. Bunu heç düşmənimə də arzulamıram”.


Baxış sayı: 12719 | Tarix: 13.06.2023
Bizi Telegramda izləyin: @repostaz