“Əvvəla onu qeyd etmək istəyirəm ki, insanlarımızı narahat edən əsas məsələ ikinci göl deyil, onları narahat edən artıq 11 ildir, ərazidə olan və fəaliyyət göstərən göldür”.
 
Bunu APA-nın yerli müxbirinə müsahibəsində Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun Söyüdlü kəndinin sakinləri ilə rayon İcra Hakimiyyətində keçirilən görüşdən sonra deyib.
 
Orxan Mürsəlov bildirib ki, sakinlərə bununla bağlı yanlış informasiyalar verilib: “Təəssüflər olsun ki, insanlarımıza da bununla bağlı dezinformasiyalar verilib. İnsanlarımızın sağlam həyat tərzi, xoşbəxtliyi bizim üçün əsas amildir. Ona görə də ölkə rəhbərinin tapşırığına əsasən, Nazirlər Kabineti tərəfindən 21 iyun 2023-cü il tarixində verilən Sərəncamla yaradılan müvafiq komissiya tərəfindən Söyüdlü kəndi ərazisində, sözügedən tullantıxanada monitorinqlərin aparılması və ictimaiyyətin məlumatlandırılması həyata keçiriləcək. Komissiya üzvləri sabah rayonda olacaq və insanlarımızı narahat edən məsələ araşdırılacaq. Mən bir daha vurğulamaq istəyirəm ki, insanlarımızın narahatlığına ciddi əsas yoxdur”.
 
İcra başçısı qeyd edib ki, bu məsələnin birdən-birə alovlanması narahatlıq doğurur: “Biz vətəndaşlarımızla mütəmadi olaraq görüşür, onları baş verən proseslərlə bağlı məlumatlandırırıq. Dünən baş verən hadisə - insanlarımızın qanunsuz şəkildə əraziyə toplaşması, polisin qanuni fəaliyyətinə mane olması kimi hallar yolverilməzdir. 11 ildir, burada fəaliyyət göstərən gölün insanlarımızda narahatlıq yaratması ilə bağlı heç bir sübut yoxdur. Məsələnin bu gün bu formada təzahür etməsi narahatlıq doğurur. Təəssüflər olsun ki, qadınlarımızın əraziyə toplaşması, polis əməkdaşlarına qarşı şiddət halları müşahidə olunub. Faktiki olaraq, polis ərazidə asayişin qorunması və şirkətin cari fəaliyyətinə maneçilik törədilməsinin qarşısını almaq məqsədi güdüb. Polisin qanuni fəaliyyətinə qarşı təxribat xarakterli, qıcıqlandırılmış şəkildə addımlar atılması yolverilməzdir. Baş verən hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin məlumatını eşitmisiniz. Bütün məsələlər hüquqi çərçivədə həllini tapacaq. Heç bir məsələ ölkəmizdə hüquqdan xaric müzakirə edilə bilməz, hər şey hüquq çərçivəsində həll edilir. İğtişaşa cəhd edən, ərazidə təxribat formalaşdıran, məsələni lüzumsuz formada şişirdənlərə qarşı polis qanuni fəaliyyətini həyata keçirib və 5 nəfər barəsində inzibati qaydada həbs müəyyənləşdirilib, 1 nəfər isə cərimə edilib. Bundan sonra da tam ədalətli, insanlarımızın hüquqlarını qoruyacaq formada qərarlar qəbul ediləcək”.
 
Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, polis əməkdaşı qadına qarşı ciddi qəbahətə yol verib, bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək. Elşad Hacıyev onu da əlavə edib ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir: “Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər”.
 
Şöbə rəisinin sözlərinə görə, Söyüdlü kəndində süni gölün tikintisinə qanunsuz müdaxilə edən şəxslərlə 2 aydır ki, rayon İcra Hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb. Elşad Hacıyev deyib ki, bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar.

Baxış sayı: 7931 | Tarix: 21.06.2023
Bizi Telegramda izləyin: @repostaz