30 iyun 2023-cü il tarixində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
 
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Görüşdə Fransa Prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə səsləndirilmiş, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlər ilə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib.
 
Səfirə bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirilməsi, Fransa prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun, müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir.
 
Vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda E.Makrona istinadən yayılmış bu kimi qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir.

Baxış sayı: 6601 | Tarix: 30.06.2023
Bizi Telegramda izləyin: @repostaz