İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib.
İranın xarici işlər naziri onu qəbul etdiyinə görə dövlət başçısına təşəkkürünü bildirib.
Hüseyn Əmir Abdullahiyan İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.
Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə Azərbaycanı təbrik edən İranın xarici işlər naziri ölkəmizin sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğulayıb.
Hüseyn Əmir Abdullahiyan Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşünün açılış mərasimindəki çıxışında çox vacib məqamlara toxunduğunu deyərək bu tədbirin əhəmiyyətini qeyd edib, onun gündəliyindəki çox vacib məsələlərin müzakirə olunduğunu vurğulayıb.
İranlı nazir ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu deyib, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırıb.
Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib.
Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib.
Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatında rolundan və onun təsisatlanması istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Söhbət zamanı iqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edilib, Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olunub.