Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın yolu ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir.
Bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
O bildirib ki, BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməyib: "Bütün humanitar yüklər Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən yoxlanılır. Lakin, təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib.
Bizim Laçın koridoru boyu gördüyümüz işlər yalnız humanitar xarakter daşıyır. 600-dən artıq pasientin tibbi təxliyəsinə və səhiyyə ocaqları üçün lazımi ləvazimatların, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaratmış bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir. Humanitar fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir”.
Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidməti Laçın yolunda BQXK-ya aid nəqliyyat vasitələrində müxtəlif növ qaçaqmalın keçirilməsinə cəhdlərin edildiyinə dair açıqlama yayıb.