Azərbaycan NATO-nun yanıda olmalıdırmı?
Şimali Atlantika Müqaviləsi Təşkilatı (North Atlantic Treaty Organization) beynəlxalq aləmdə NATO kimi tanınır. NATO-nun Baş Qərargahı bu təşkilata üzv olan Belçikanın paytaxtı Brüsseldə yerləşir. Avroatlantik məkana inteqrasiyaya can atan Azərbaycanın da NATO ilə ciddi əlaqələri var. Qonşu Gürcüstan da NATO ilə müttəfiqdir. Ancaq gecə-gündüz demokratiyadan dəm vuran Ermənistan hələ də Rusiyanın maraqlarından çıxış edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer alır. Mahiyyətdə Ermənistan da bu təşkilat üzərindən Qərbə qarşı mövqe sərgiləyir. Üstəlik, Ermənistan Qərbin özünə düşmən saydığı İranla da iç-içədir. Başqa sözlə desək, Cənubi Qafqazda NATO Azərbaycan və Gürcüstan (+Türkiyə) üzərindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını təmsil edən Ermənistan (+Qarabağ erməniləri)+Rusiya alyansı ilə üz-üzədir...
Bizim coğrafiya öz varlığını iki düşmən hərbi ittifaqın maraqlarının kəsişdiyi məkanda sürməkdədir. Faktiki olaraq Azərbaycan NATO-nun bir parçasıdır. Onu da unutmaq olmaz ki, Gürcüstanın Rusiya tərəfindən parçalanması və hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin kökündə də NATO amili dayanır. Yəni NATO son dərəcə önəmli və ziddiyyətli məsələdir. Bu məsələ ilə bağlı kifayət qədər bilgimiz varmı? Hər halda bəzi önəmli məqamlara təkrar diqqət etməkdə fayda var.
NATO 1949-cu ildə-79 il öncə yaranıb. Hazırda bu təşkilatın 31 üzvü var. Şimali Amerika (ABŞ+Kanada) və 29 Avropa ölkəsi.
Bu təşkilatın nüvəsini 1947-ci ildə Fransa və Böyük Britaniya qoyub. Az sonra Belçika, Hollandiya və Lüksemburq onlara qoşulub. Bəs nədən Avropa ölkələri hərbi alyans yaratdılar? Çünki o vaxt Sovet İttifaqı Avropada dominant gücə sahib idi. Bu gücə söykənən yerli kommunistlər tərəfindən 1948-ci ildə Çexoslovakiyada hərbi çevriliş həyata keçirildi. Avropa qorxuya düşdü. Amerika bu fürsətdən məharətlə yararlandı. Pentaqonun səyi ilə Qərbi bir araya gətirən yeni təşkilat yarandı. NATO-nun ilk baş katibi olan Lord İsmay 1949-cu ildə verdiyi açıqlamada bu təşkilatın məqsədinin "rusları çöldə, amerikalıları içəridə və almanları aşağıda saxlamaq" olduğunu bildirdi. Düşünürəm ki, Lord İsmay bu təşkilatın yaranmasının səbəbini son dərəcə dəqiq ifadə edib.
NATO-nun yaranması Sovet İttifaqının Avropadakı hakim mövqeyini xeyli zəiflətdi. Rəsmi Moskva NATO-nu sıradan çıxarmaq üçün hərəkətə keçdi. Sovet İttifaqı 1954-cü ildə Avropada sülhü qorumaq adı altında NATO-ya daxil olmasının vacib olduğunu iddia etdi. Əsas məqsədinin ittifaqı zəiflətmək olduğundan çəkinən NATO ölkələri bu işə razılıq vermədi. Maraqlıdır ki, SSRİ dağılandan sonra bir ara Putin Rusiyası da NATO-ya daxil olmaq istədiyini bildirdi. Aydındır ki, ruslar NATO-nu içəridən dağıtmaq üçün belə bir planı həyata keçirməyə çalışırdılar. O da aydındır ki, Sem dayı o qədər də sadəlövh deyil.
Sovet İttifaqı vəziyyətdən çıxmaq üçün oxşar hərbi alyans yaratmağa qərar verdi. Beləliklə 1955-ci ilin mayında SSRİ və Avropadakı sosialist bloku dövlətləri tərəfindən imzalanan Varşava müqaviləsi əsasında Varşava Müqaviləsi Təşkilatı adlı hərbi ittifaq ortaya çıxdı.
Faktiki olaraq NATO daha çox Amerikanın, Varşava Müqaviləsi Təşkilatı isə Rusiyanın maraqlarını ifadə edirdi. Bu gün də belədir. Düzdür, 1991-ci il dekabrın 25-də SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov istefa verdi. Dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə 1922-ci il dekabr ayının 30-da yaranmış və 69 il mövcud olmuş SSRİ dağıldı. Varşava Müqaviləsi Təşkilatı isə 1991-ci ilin fevralında rəsmən buraxıldı.
Bu hadisədən bir qədər əvvəl Avropada daha bir möhtəşəm hadisə baş vermişdi. Belə ki, II Dünya Müharibəsindən sonra Qərblə SSRİ arasında ikiyə parçalanmış məğlub Almaniya 1990-cı ilin oktyabrında yenidən birləşdi. Bununla da Qərblə SSRİ arasında, daha doğrusu kapitalizm ilə kommunizm arasında mövcud olan tarazlıq kəskin şəkildə birincinin xeyrinə dəyişdi...
Rusiya Avropadakı kommunist düşərgəsini qısa zaman kəsiyində itirdi. Keçmiş sosialist düşərgəsində olanlar Qərbə can atmağa başladı. Niyə belə oldu? Çünki Rusiya az qala bütün parametrlər baxımından Qərbə çox böyük hesabla uduzurdu. Ona görə də keçmiş sosialist düşərgəsi sürətlə Avropa İttifaqına və NATO-ya üzv olmağa başladı. Halbuki 1989-cu ildə Amerika prezidenti Ronald Reyqan, dövlət katibi Ceymis Beker, Qərbi Almaniyanın xarici işlər naziri Hans-Dietrix Genşer Mixail Qorbaçova söz vermişdi ki, NATO birləşmiş Almaniyadan o yana keçməyəcək. Ancaq Rusiya zəiflədikcə bu vədlər sürətlə unudulub getdi. Sosialist düşərgəsində olmuş ölkələrin NATO-ya girişinə yaşıq işıq yandırıldı. Rəsmi Moskva bu prosesə müqavimət göstərə bilmədi. Gücü çatmadı.
ABŞ keçmiş sosialist düşərgəsindəki ölkələri NATO-ya üzv etdikdən sonra keçmiş SSRİ ölkələrinə nəzər saldı. Gürcüstan və Ukrayna açıq şəkildə NATO-ya can atırdı. Rusiya digər SSRİ dövlətlərini oxşar addımlardan çəkindirmək üçün öncə Gürcüstanı parçaladı. Daha sonra Krımı Ukraynadan qopardı.
Varşava Müqaviləsi Təşkilatından əli üzülən Rusiya keçmiş SSRİ məkanına daxil olan ölkələrin vasitəsi ilə yeni hərbi birlik yaratmağa qərar verdi. Nəticədə 15 may 1992-çi ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yarandı. Hazırda Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarus bu təşkilatın üzvüdürlər.
Diqqət edin: Amerika NATO-dan əsas rəqibi olan Rusiyanı kəskin şəkildə zəiflətmək üçün məharətlə istifadə edir. Ancaq Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Ukraynaya qarşı yararlana bilmir. Çünki heç bir ölkə Rusiya kimi əldən düşmüş və məğlubiyyətə məhkum ölkəyə görə öz gələcəyini təhlükə altına atmaq fikrində deyil. Daha bir önəmli məqam: Amerikanın müttəfiqləri özü kimi varlı ölkələrdir, Rusiyanın zor gücünə özünə müttəfiq etdiyi ölkələr isə yaman gündədir. Varlılarla kasıbların davası kimi bir mənzərəni seyr edirik.
Amerikanın işi isə yağ kimi gedir. Bu ölkə 1890-cı ildən bəri dünyanın iqtisadi nəhəngi kimi tanınır. I Dünya Müharibəsi zamanı ABŞ həm də dünyada hərbi güc mərkəzi olduğunu təsdiqlədi. Ancaq Amerikanın da öz problemləri var. Belə ki, 2030-cu ildə Çinin dünyanın birinci iqtisadi gücü olacağı proqnozlaşdirilir. Yəni Amerika dünyanın super-dövləti statusunu həmişəlik itirə bilər. Amerika üçün bu, “olum-ölüm” məsələsi kimi bir şeydir...
Ukraynada rəhbərlik etdiyi Qərblə birlikdə Rusiyaya qarşı “proxy war” (başqa bir dövlətin və ya silahlı qrupun vasitəsi ilə) aparan Amerika hazırkı vəziyyətdən xeyli məmnundur. Belə ki, Senatda Respublikaçıların lideri kimi çıxış edən Mitch McConnell deyir ki, Ukrayna müharibəsində dollar və amerikalıların həyatı xilas olunur. Həm də Rusiyanın Amerikanı təhdid edən gücü zəifləyir. Mitch McConnellin bu fikri xüsusi ilə maraqlıdır. Sözünün canı odur ki, Ukrayna müharibəsindən aldığımız dərs Çinə münasibətdə də keçərli ola bilər. Tayvanın yüksək rütbəli rəsmilərinin Ukraynanın Rusiyanı məğlub etməsinə kömək etmək səylərini bu qədər dəstəkləməsi təəccüblü deyil. Senator daha bir məqama toxunur və vurğulayır ki, Ukraynaya təhlükəsizlik yardımı üçün ayrılan pulların çoxu əslində Ukraynaya getmir. Amerikanın müdafiə sənayesinə sərmayə qoyur. ABŞ silahlı qüvvələrinin hesabından Ukraynaya verdiyimiz köhnə silahların yerinə yeni silah və sursatlar istehsal olunur: “Açıq deyim: Ukraynaya yardım amerikalı işçilər üçün daha çox iş yerləri və amerikalı hərbçilər üçün daha yeni silahlar deməkdir”.
Gördüyünüz kimi, senator açıq mətnlə deyir ki, Ukrayna üzərindən Rusiyanı yerində oturduğumuz kimi, Tayvan üzərindən də Çinin dərsini verə bilərik.
Əlbəttə, Çin Rusiya ilə müqayisədə son dərəcə güclü ölkədir. Üstəlik, rəsmi Pekin də Rusiya-Ukrayna müharibəsinin arxa planında baş verən prosesləri yaxından izləyir. Hələ orasını da yaxşı bilir ki, Amerika oxşar ssenaridən Tayvanın əli ilə ona qarşı da istifadə edə bilər....
NATO məsələsində Azərbaycanın mövqeyi necə olmalıdır? Birmənalı şəkildə Azərbaycan NATO-nun yanında olmalıdır. Ən azı ona görə ki, Türkiyə NATO-da əsas rollardan birinin ifaçısıdır. Digər tərəfdən də Rusiya ilə müqayisədə Qərb Ermənistan-Azərbaycan münaqişəsində milli maraqlarımıza yaxın mövqedən çıxış edir. Rusiya isə Qarabağ münaqişəsinin qiyamətə qədər uzadılmaşında maraqlıdır. Yuxarıda da vurğuladığımız kimi, Rusiya mürtəce, Qərb isə mütərəqqi dəyərləri ilə seçilir. Məntiq də onu deyir ki, inkişaf etmək istəyən, sivil dünyanın bir parçası olmaq arzusunda olan Azərbaycan Qərbin, o cümlədən NATO-nun yanında olmalıdır. Hal-hazırda da Azərbaycan NATO-nun yanındadır. Bir məqam da var. İran əhalisinin yarıdan çoxu türkdür, doğma bacı-qardaşlarımız o coğrafiyanın aparıcı etnosudur. İranla Qərb arasında ciddi ideoloji ziddiyyətlər var. Azərbaycan gələcəkdə Türkiyənin də dəstəyini alaraq bu amildən Güneyin xilası naminə yararlana bilər. Bu amil hazırda o qədər də diqqət çəkməsə də gələcəkdə həlledici xarakter qazana bilər...
Elbəyi Həsənli, Sürix