Millət vəkili Vüqar bayramov qardaşı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsinə münasibət bildiirb.
RePost.Az xəbər verir ki.o, sosial şəbəkə hesabında qardaşı ilə bağlı istintaq orqanlarının ədalətli açıqlama aparacağına inandığını bildirib:
“Son bir həftə ərzində xarici səfərdə olduğum üçün qardaşım Qubad İbadoğlunun həbsi ilə bağlı medianın suallarını cavablandırmaq imkanım yox idi. Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə sorularını cavablandıra biləcəm. Qeyd edim ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur. İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Eyni zamanda, Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür edəcəm. Allah bütün məhbusların qapısını açsın”.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Q.İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.