“Postmünaqişə dövründə Azərbaycan və Türkiyənin mövqeyi beynəlxalq norma və prinsiplərə əsaslanır. Azərbaycan tərəfindən Ermənistana təklif olunan ölkələrin qarşılıqlı əsasda suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipindən irəli gələrək sülh sazişinin imzalanması önəm kəsb edir”.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Ermənistanın öz öhdəliklərinə zidd olaraq hərbi birləşmələrini çıxarmaması, Zəngəzur dəhlizinin açılmasına maneə törətməsi, Qarabağda yaşayan ermənilərin hüquqlarının müdafiəsi adı altında Azərbaycanın daxili işlərinə qarışması, həmçinin Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiya olunmasına maneələr yaratması bölgədə sülh və əmin-amanlığa qarşı ən vacib təhdidlər arasındadır.