“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Moskvada keçirilən son görüşdə tərəflərə güzəştə getməyi təklif etdik”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

Hazırkı mərhələdə tərəflərin bu təklifləri nəzərdən keçirdiklərini söyləyən D.Qonçar fikir ayrılıqlarının aradan qaldırılacağına ümid etdiyini bildirib.

O, düşmənlərinin nə deməsindən asılı olmayaraq, regionda davamlı sülh və sabitliyin təmin olunmasında Rusiyanın maraqlı olduğunu vurğulayıb.

D.Qonçar qeyd edib ki, Rusiya bütün istiqamətlər üzrə Qarabağ məsələsinin həllində fəal iştirak edir.

Departament direktorunun sözlərinə görə, Rusiya Cənubi Qafqazda problemlərin həllindən kənarda qala bilməz: “Kimsənin buna şübhəsi olmamalıdır. Rusiya bütün istiqamətlər, o cümlədən regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması, iki ölkə arasında dialoqun inkişaf etdirilməsi məsələlərində vasitəçilik səylərini davam etdirir".

XİN nümayəndəsi bildirib ki, proses istənilən sürətlə davam etmir: “Lakin bu, başadüşüləndir. Çünki uzun illər ərzində yığılmış ziddiyətlər var. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu vasitəsilə ətraflı müzakirə olunur. Regionda nəqliyyat kommunikasiyalarının açılması Cənubi Qafqazın nəhəng iqtisadi potensialının açılmasına kömək edəcək”.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları iyulun 25-də Moskvada bir araya gəliblər (Report).


Baxış sayı: 7399 | Tarix: 04.08.2023
Bizi Telegramda izləyin: @repostaz