...Gözəl sənətkar Şahmar Ələkbərovla biz təkcə iş yoldaşı deyil, həm də yol yoldaşı, yaxın dost idik.  
 
     “Arxadan vurulan zərbə” filmində bir yerdə çəkilmişdik. Həm Şəkidə, Xaçmazda, Qaxda çəkilişlər zamanı, həm də ekspedisiyadan qayıdandan sonra, demək olar ki, hər gün görüşürdük; axşamlar işdən sonra şam edirdik, yeyirdik-içirdik, gözəl Bakı gecələrində gəzə-gəzə yaradıcılıq söhbətləri edir, sənət aləminə dair müzakirələr aparırdıq, işlərimizdən, gələcək planlarımızdan danışırdıq... 
 
     Şahmar fitri istedad sahibi idi! Çox dərin mənəviyyata, yüksək əxlaqa, mədəniyyətə malik əsil yaradıcı insan idi. Böyük Sənətkar və böyük Kişi idi! Onun haqqında ürək sözlərimin bir qismini “Müasir Azərbaycan kinoaktyorları” kitabımda qısaca yazmışam. Amma deyiləcək o qədər söz var ki! 
 
     Ürəyi teatrda qalmışdı, çox sevdiyi Akademik Milli Dram Teatrından getdiyinə yanıb-yaxılır, heyfslənirdi. Onun gur, məxməri səsi, təbii oyun tərzi, plastikası səhnəmizə nə qədər lazım idi! 
 
     Əlbəttə, Kinostudiyada işləri pis getmirdi. “Azərbaycanfilm”də rejissorlar dalbadal filmə dəvət edirdi, mətbuat daim haqqında yazılar verirdi... Amma teatr onun stixiyası idi, ordan niyə, necə getməyə məcbur olduğunu, kimin təzyiqləri, badalaqları ilə üzləşdiyini, hansı məşhurdan arxadan zərbə aldığını yanğı ilə danışırdı.   
      
     Şahmarın danışdığı maraqlı olaylardan birini aradan 30 il keçəndən sonra, bu anım günündə hörmətli oxucularla bölüşmək istədim:  
     ...Deyir, İncəsənət İnstitutundan sonra, Azdramada Bolqar dramaturqun əsərində (gərək ki, Stoyanovun “Ustalar” pyesi olub) baş rolu oynamışdım, tamaşaçılar bəyənmişdi. Ardınca “Dağlarda döyüş” filmində Fərrux roluna çəkilmişdim. O da uğurlu alınmışdı. Sonra “Bakıda küləklər əsir” filmi və s. Belə-belə məşhurlaşırdım. Həm Kinostudiyanın direktoru Adil İsgəndərov, həm Dovlət Kinematoqrafiya Komitəsinin sədri Məmməd Qurbanov gənc, perspektivli aktyor kimi xətrimi çox istəyirdilər, daim Kino tədbirlərinə, başqa mədəni tədbirlərə dəvət edilirdim. 
     Bir gün yenə hamımız tədbirdə idik. Foyedə yığışıb söhbət edirdik. Bu vaxt Mədəniyyət naziri Zakir Bağırov bizə yaxınlaşdı. Adil İsgəndərovla, Məmməd Qurbanovla, kinorejissor Kamil Rüstəmbəyovla və b. görüşdü, amma mənə məhəl qoymadı. Pərt oldum. Bunu sezən Məmməd müəllim məni nazirə təqdim etdi: “Gənc istedadlı aktyorumuz Şahmar Ələkbərovdur. Gələcəyi var!” – dedi. Adətən sadə adamlarla  ünsiyyətdən qaçan nazir yenə laqeyd halda “Tanımıram” deyib üzünü vəzifəlilərə çevirdi... 
 
     Bu münasibətdən Şahmar necə tutulursa, içi kükrəyir, bədahətən nazirə qayıdır ki:  
     -Siz çox nahaq yerə məni tanımırsınız! Siz axı mənə görə Mədəniyyət nazirisiniz! Əgər bizim  kimi yaradıcı adamlar, sənət adamları olmasa, nə Sizin nazirlik olar, nə də Siz nazir olarsınız!  
 
     Gənc sənətçinin sözündən bu dəfə nazir pərt olur. Özünü itirir, neyləyəcəyini bilmir. Axı hələ indiyədək nazirə söz qaytaran olmamışdı! Araya sükut çökür. Situasiyanı dərhal qiymətləndirən müdrik Adil İskəndərov özünəməxsus yumorla zarafata salıb söhbəti yozudur, əhvalın yönün dəyişir və ortamı mülayimləşdirir...   
 
     Bəli, Şahmar sərt deyib, amma düz deyib!    
 
     Ruhun şad olsun, əziz dost!

Baxış sayı: 24841 | Tarix: 12.08.2023
Bizi Telegramda izləyin: @repostaz